Xəzər Xəbər

Joze Mourinyo yenidən "Real"da? AÇIQLAMA

İdman | 20:18 • 22 Oktyabr 2018
Joze Mourinyo yenidən "Real"da?

Zinəddin Zidandan sonra "Real"ın baş məşqçisi vəzifəsinə təyin olunan Julen Lopeteguinin başı üzərini qara buludlar alıb.


Mövsümə 3 ardıcıl qələbə ilə başlayıb sonrakı 5 oyunda 3 xala həsrət qalan "Kral Klubu"nun mütəxəssislə yollarını ayıracağı deyilir.


"Josep Pedrerol" qəzetinin məlumatına görə, "Real" rəhbərliyi tezliklə Julen Lopeteguini qovacaq və komandanı müvəqqəti olaraq "Real Madrid Kastilya"ya başçılıq edən Santyaqo Solariyə tapşıracaq. Bundan sonra isə komandanın sabiq baş məşqçisi, hazırda "Mançester Yunayted"ə başçılıq edən Joze Mourinyo ilə danışıqlara başlayacaq.


2010-2013-cü illərdə "Real"a başçılıq etmiş Mourinyo iddialara münasibət bildirib. Çempionlar Liqasında "Yuventus"la keçirəcəkləri oyundan öncə təşkil etdiyi mətbuat konfransında çıxış edən portuqaliyalı mütəxəssis "Mançester Yunayted"lə 2020-ci ilədək müqaviləsinin olduğunu bildirib: "Müqaviləmin son gününə qədər və hətta ondan sonra da burda qalmaq istəyirəm".


Qeyd edək ki, bundan əvvəl "Real"ın sabiq futbolçusu Qutinin baş məşqçi postuna gətirilə biləcəyi barədə məlumatlar yayılmışdı.



Xəbər lenti