Xəzər Xəbər

FIFA “The Best”: Ronaldu, Salah, yoxsa Modriç?

İdman | 13:07 • 24 Sentyabr 2018
FIFA “The Best”: Ronaldu, Salah, yoxsa Modriç?

Bu gün FIFA Londonda "The Best” mükafatının qaliblərini açıqlayacaq.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq tədbirdə 2018-ci ilin ən yaxşı futbolçusu və baş məşqçisi elan olunacaq. Mərasimə FIFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb.


Azərbaycan millisinin və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və "The Best” adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib. 46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də "Qəbələ” ilə Azərbaycan Premyer Liqasında vacib oyunlarının olmasını göstərib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktoru Bernhard Lippert iştirak edəcəklər.


FIFA-nın fərqli nominasiyalar üzrə təsis etdiyi "The Best” mükafatında 2018-ci ilin ən yaxşı futbolçusu adına xorvatiyalı Luka Modriç ("Real Madrid”), misirli Məhəmməd Salah ("Liverpul”) və portuqaliyalı Kriştianu Ronaldu ("Real Madrid” - "Yuventus”) namizəddir. Ən yaxşı baş məşqçi isə Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real Madrid”in sabiq baş məşqçisi) və ya Zlatko Daliçdən (Xorvatiya millisi) biri seçiləcək.


Tədbirdə ən yaxşı qadın baş məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa, FIFA-nın "Fair Play” mükafatı təqdim ediləcək. Həmçinin FIFA "FIFPro World 11” versiyasına əsasən ilin simvolik komandası açıqlanacaq.


Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata Portuqaliya millisinin və İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Bu dəfə son 12 ildə ilk dəfə olaraq Argentina millisinin və İspaniyanın "Barselona” komandasının hücumçusu Lionel Messi ən yaxşı futbolçu nominasiyası üçün yekun siyahıda yer almayıb.

Xəbər lenti

Çox oxunanlar