Xəzər Xəbər

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiada üçün biletlərin qiymətləri açıqlanıb

İdman | 16:39 • 20 İyul 2018
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiada üçün biletlərin qiymətləri açıqlanıb

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiadanın təşkilatçıları biletlərin qiymətlərini elan ediblər.


AZƏRTAC xəbər verir ki, Oyunların açılış mərasiminin qiyməti 300 min yen (təqribən 2700 dollar) olacaq.


Oyunlar üçün də biletlərin qiyməti müəyyən edilib. Ən yüksək qiymət yüngül atletika yarışları, daha doğrusu, kişilərin 100 metrlik sprint qaçışı üçün təsdiq edilib. Həmin biletlər təqribən 1160 dollara satılacaq.


Ən aşağı qiymətlər isə yarışların 8 növü üzrə müəyyən edilib ki, buraya futbol, reqbi və softbol yarışları daxildir. Həmin biletlərin qiyməti təqribən 22 dollar olacaq.


Uşaqların, yaşlıların və məhdud imkanlı şəxslərin daxil olduğu qruplar üçün xüsusi biletlər nəzərdə tutulub ki, onların da qiyməti simvolik olaraq 2020 yenə (təqribən 18 dollar) bərabər olacaq.


Serfinq yarışları üzrə yarışların şərtləri dəqiqləşmədiyinə görə bu idman növü üçün biletlərin qiyməti elan edilməyib.


Təşkilat komitəsindən bildirilib ki, biletlərin yarıdan çoxunun qiyməti 8 min yen (təqribən 71 dollar) olacaq ki, bu da yarışların daha geniş tamaşaçı kütləsi tərəfindən izlənilməsinə şərait yaradacaq.


Biletlərin satışına 2019-cu ilin əvvəllərində rəsmi sayt vasitəsilə başlanılacaq. Möhtəkirliyin qarşısını almaq məqsədilə alıcılar burada adlarını və tələb olunan digər şəxsi informasiyaları qeyd etməli olacaqlar.


Aldıqları biletlərdən imtina etmək istəyən şəxslər üçün rəsmi platformanın yaradılması da nəzərdə tutulur.

Xəbər lenti