Xəzər Xəbər

Ronaldinyodan uşaqlığına məktub: Ayağında futbol topu varsa… - FOTO

İdman | 14:18 • 19 Sentyabr 2017
Ronaldinyodan uşaqlığına məktub:

Dünyanın gəlmiş-keçmiş ən yaxşı oyunçularından biri hesab olunan Ronaldinyo 8 yaşındakı halına məktub yazıb.

XəzərXəbər apasport.az-a istinadən xəbər verir ki, həyatının maraqlı detallarına yer verən Roni öz uşaqlığına tək bir nəsihət verib: "Azad və sərbəst oyna!"

Əzizim, 8 yaşındakı Ronaldinyo!

Sabah futbol oynayıb evə gələndə evinizdə bir xeyli adam olacaq. Əmilərin, ailə dostların və bəzi tanımadığın adamları mətbəxdə görəcəksən. Əvvəlcə hansısa yığıncağa gecikdiyini düşünəcəksən. Böyük qardaşın Robertonun 18 yaşını qeyd etmək üçün toplaşdıqlarını zənn edəcəksən. Adətən sən futboldan qayıtdıqdan sonra anan ətrafdakılarla zarafat edir və gülür.

Ancaq bu dəfə ağlamış olacaq.

Sonra Robertonu görəcəksən. O, qolunu sənin boynuna atacaq, hama aparacaq, ikiniz qalacaqsınız. Sonra sənə anlamadığın bir şey deyəcək: "Bir qəza oldu. Ata getdi. O, öldü".

Sən anlamayacaqsan. O nə deməkdi? Ata hara gedə bilər ki? Nə vaxt geri gələcək?

Atan sənə futbol sahəsində yaradıcı, sərbəst, ancaq topla oynamanı söyləyən adam idi. Sənə hər kəsdən daha çox inanmışdı. Keçən il Roberto "Qremio"da peşəkar futbola başlayanda atan hər kəsə "Roberto da yaxşıdı, ancaq siz bir də onun kiçik qardaşını" görün demişdi.

Atan super qəhrəman idi. Futbolu o qədər çox sevərdi ki, işlədiyi tərsanədən artıq qalan həftə sonlarında "Qremio" stadionunda mühafizəçilik edirdi. İndi necə ola bilər ki, onu görməyəcəksən? Robertonun sənə dediklərini anlamayacaqsan.

Həmin an üzülməyəcəksən. Məyusluq daha sonra gələcək. Bir neçə il sonra isə atanın bir daha dünyaya dönməyəcəyini qəbul edəcəksən. Ancaq mənim anlamağını istədiyim şey budur ki, atan hər futbol oynadığında yanında olacaq.

ŞANSLISAN, ÇÜNKİ YANINDA QARDAŞIN ROBERTO VAR

Ayağında futbol topu varsa, azadsan, xoşbəxtsən, sanki musiqi dinləyirsən. Bu duyğu sənin sevincini başqaları ilə paylaşmağına səbəb olacaq.

Şanslısan, çünki yanında qardaşın Roberto var. "Qremio"da oynamasına və səndən 10 yaş böyük olmasına baxmayaraq, Roberto həmişə sənin üçün orda olacaq. Sadəcə bir qardaş deyil, həm də bir ata olacaq. Və hər şeydən əlavə, o, sənin qəhrəmanın olacaq.

Onun kimi oynayıb, onun kimi olmaq istəyəcəksən. Hər səhər qalxıb kluba gedərkən, ki o əsas, sən isə gənc komandada oynamış olacaqsan, soyunub-geyinmə otağına qardaşınla, yəni bir super ulduzla girəcəksən və hər gecə yatağına gedərkən "idealımla bir otaqda qalıram" deyə düşünəcəksən.

Bölüşdüyünüz otağın divarlarında heç bir foto yoxdu, sadəcə kiçik bir televizor var. Onsuz da önəmli deyil, çünki birlikdə futbol izləyəcək heç vaxtınız olmayacaq. Əgər matç üçün başqa şəhərə getməyibsə, Roberto səni futbol oynamaq üçün həyətə aparacaq.

Porto Aleqredə, yaşadığınız yerdə narkotik, quldur dəstələri və bu kimi şeylər həmişə ətrafınızda olacaq. Ancaq sən futbol oynadığın müddətdə küçədə, parkda köpəyinlə birlikdə özünü təhlükəsiz hiss edəcəksən.

Bəli, sənin köpəyin dedim. Çünki o, yorulmaz bir müdafiəçidir.

Robertoyla oynayacaqsınız. Digər böyüklər və parkdakı böyüklərlə də oynayacaqsınız. Ancaq vaxt keçdikcə hər kəs yorulacaq və sən oynamağa davam edəcəksən. Ona görə köpəyin Bombomu həmişə yanında aparmağı unutma. Bombom əsl Braziliya itidir. Braziliyanın itləri belə futbolu çox sevirlər. Qaçış və istedad məşqlərində möhtəşəm olacaq.

İllər sonra Avropa oynayarkən bəzi müdafiəçilər sənə Bombomu xatırladacaqlar.

DÇ-1994 SƏNƏ GÖSTƏRƏCƏK Kİ, FUTBOL SADƏCƏ BİR OYUN DEYİL

Uşaqlıq sənin üçün çox fərqli olacaq. 13 yaşında artıq insanlar haqqında danışmağa başlayacaqlar. Sənin istedadın və topla edə biləcəklərin haqqında danışacaqlar. O zamanlar futbol sənin üçün sadəcə bir oyun olacaq. Ancaq 14 yaşında izlədiyin DÇ-1994 sənə futbolun adi bir oyundan daha artığı olduğunu göstərəcək.

17 iyul 1994 tarixini bütün Braziliya çox yaxşı xatırlayır. Həmin gün sən "Qremio"nun gənc komandası ilə Belo Horizonteyə gedəcəksən. Dünya çempionatı TV-də göstəriləcək və Braziliya ilə İtaliya oynayacaq. Bəli, "Kanarinyo" 24 il sonra mundialın finalında olacaq, bütün ölkədə həyat duracaq.

Belo Horizontedə hər yer Braziliya bayraqları ilə dolu olacaq. Gün ərzində gördüyün tək rəng sarı və yaşıl olacaq.

Sən komanda yoldaşlarında izləyəcəksən. Hakimin son fiti və 0:0. Oyun penaltilərə gedəcək.

İtaliya və Braziliya ilk zərbələri qaçıracaqlar. Sonra İtaliya vuracaq. Sonra Romario addımını atacaq. Topu sola fırladıb qapını tapacaq. Komandadakı uşaqlar qışqırıb hay-küy salacaqlar. İtaliya yenə vuracaq və sakitlik çökəcək.

Branko Braziliya üçün vuracaq, Taffarel Braziliya üçün qurtaracaq, Dunqa Braziliya üçün vuracaq... Və sadəcə sənin deyil, milyonlarla braziliyalının həyatını dəyişdirəcək an gələcək.

Baccio topa vuracaq və qol olmayacaq. Braziliya dünya çempionu olacaq.

O çılğınca sevinc içində həyatının geridə qalan hissəsində nə etmək istədiyini anlayacaqsan. Nəhayət futbolun bir braziliyalı üçün nə ifadə etdiyini biləcəksən. Bu idmanın gücünü hiss edəcəksən. Ən əsası, futbolun sadə insanlara gətirdiyi xoşbəxtliyi görəcəksən.

"Braziliya üçün oynayacam!" Bu sözü hər gün təkrarlayacaqsan.

Oynadığın futbol tərzinə görə bəzi insanlar sənə inanmayacaq.

Bəzi məşqçilər olacaq ki, sənə futbol tərzini dəyişdirməyini söyləyəcəklər. Sənə daha ciddi olmanı və bu qədər qaçmamalı olduğunu deyəcək, hətta "səndən heç vaxt futbolçu olmayacaq" deyənlər də olacaq.

Bu sözləri motivasiya, konsentrasiya üçün istifadə elə və futbolu gözəl oynayan insanları düşün: Maradona, Ronaldo...

Atanın nə dediyini düşün. Özünəməxsus və sadəcə topla oynamağı düşün. Zövqlə oyna. Bu, bir çox məşqçilərin anlamadığı şeydir, ancaq sən meydanda heç vaxt nəyisə hesablamayacaqsan. Hər şey təbii olaraq gələcək. Düşünməyə vaxtın olmadan əvvəl ayaqların seçimini etmiş olacaq.

Yaradıcılıq hesablamaqdan daha üstün olacaq.

SƏNİN HEKƏYİN BURDA BİTMİR

Bir gün, Romarionun Dünya Kubokunu qaldırmağını izlədikdən bir neçə ay sonra "Qremio"dakı məşqçi səni məşqdən sonra otağına çağıracaq. Sənə Braziliya U-17 millisinə çağrıldığını deyəcək. Teresopolisdəki məşq düşərgəsinə getdikdə heç vaxt unuda bilməyəcəyin bir şey - divarda çərçivələnmiş Pele, Ziko və Bebeto rəsmləri görəcəksən.

O əfsanələrlə eyni dəhlizdə yeriyəcəksən. Romario, Ronaldo və Rivaldonun oturduğu masalarda oturacaqsan. Onların yediyini yeyəcəksən. Onların yatdığı yerdə yatacaqsan. Başına yastığa qoyarkən yatmazdan öncə düşünəcəyin son şey, "görəsən daha əvvəl hansı qəhrəmanım bu yastıqda yatıb?" olacaq.

Qarşıdakı 4 ildə futbol oynamaqdan başqa heç nə etməyəcəksən. Həyatını məşq meydançalarında və avtobuslarda keçirəcəksən. 1995-dən 2003-ə qədər heç tətilə getməyəcəksən. Bu, çox çətin olacaq.

Ancaq 18 yaşında atanın səninlə qürur duyacağı bir şeyi bacarmış olacaqsan. "Qremio"nun əsas komandası ilə oyuna çıxacaqsan. Yeganə pis tərəfi isə budur ki, Roberto orda olmayacaq. İsveçrəyə transfer olmuş olacaq. Qəhrəmanınla eyni meydana oynaya bilməyəcəksən.

Oyun günləri atanın həftəsonları mühafizəçi olaraq işlədiyi avtodayanacaqdan keçəcəksən. Qardaşının səni uşaq vaxtı apardığı soyunub-geyinmə otağına girəcəksən. Mavi-qara "Qremio" formasını alacaqsan, "həyat bundan daha yaxşı ola bilməz" deyə düşünəcəksən.

Amma sənin hekayən burda bitmir.

Gələn il Braziliya milli komandası ilə ilk oyununa çıxacaqsan. Komik bir şey olacaq. Düşərgəyə digər oyunçulardan bir gün sonra gedəcəksən. Niyə? Çünki "Campeonato Gaucho" turnirində "İnternasional"la keçirəcəyiniz oyun bir gün sonraya təxirə salınacaq.

"İnternasional"ın kapitanı DÇ-94-ün çempion heyətindən Dunqa olacaq.

O oyunda çox yaxşı oynayacaqsan. Braziliya üçün məşq sahəsinə girərkən yeni komanda yoldaşların, DÇ-94-də izlədiyin adamlar tək bir nəfər haqqında danışacaqlar: Hələ o yaşda 10 nömrəli formanı geyinəcək olan Ronaldinyo haqqında.

Sənin haqqında çox danışacaqlar.

Dunqaya necə fənd atdığını, komandana kubok qazandıran qolu necə vurduğunu danışacaqlar. Ancaq özünə çox da güvənmə. Çünki səninlə çox da yaxşı yola getməyəcəklər. Bu, həyatının ən önəmli anı olacaq. Bu səviyyəyə çıxdığında insanlar səndən çox şey gözləyəcəklər.

Öz tərzində oynamağa davam edəcəksən?
Yoxsa, hesablamağa başlayacaqsan?

Sənə verə biləcəyim tək tövsiyə budur ki, hər şeyi öz tərzinlə elə. Sərbəst ol, musiqini hiss et. Bu, həyatını yaşamaq üçün tək yoldur.

SƏN ORANI TƏRK ETDİKDƏN SONRA İSƏ UŞAQLAR FUTBOLU "BARSELONA KİMİ" OYNAMAĞI XƏYAL EDƏCƏKLƏR

Braziliya üçün oynamaq həyatını dəyişdirəcək. Bir anda, sənin belə xəbərin olmadan qapılar açılacaq.

Bir çox qəhramanının özünü sübut etmək üçün getdiyi Avropaya getmək istəyəcəksən. Ronaldo sənə Barselonadakı həyatı danışacaq. Onun "Qızıl top"unu və digər medallarını görəcəksən. Bir anda sən də tarix yazmaq istəyəcəksən. "Qremio"dan sonrasını xəyal etməyə başlayacaqsan və 2001-də PSJ ilə anlaşacaqsan.

Sənin kimi taxta bir daxmada doğlumuş uşağa Avropadakı həyatı necə başa salım? Mümkün deyil. Sənə desəm də anlamayacaqsan. Parisdən ayrılıb Barselonaya, Milana gedişin çox sürətli olacaq. Avropa medyası sənin oyun tərzini, niyə davamlı güldüyünü anlamayacaqlar.

Sən tez-tez gülürsən, çünki futbol əyləncədir. Niyə ciddi olmalısan ki? Məqsədim sevinc yaymaqdır. Təkrar edirəm, yaradıcılıq startegiyadan daha üstündür.

Azad qal və Braziliya ilə dünya kuboku qazanacaqsan.

Azad qal və La Liqa, Seriya A və Çempionlar Liqası çempionu olacaqsan.

Azad qal və "Qızıl top"u qazanacaqsan.

Ən çox qürur duyduğun şey isə "Barselona"dakı oyunun ilə futbolu dəyişdirməyə yardımçı olmağın olacaq. Ora gedəndə İspaniya futbolunun gücü "Real" olacaq. Sən oranı tərk etdikdə isə uşaqlar futbolu "Barselona kimi" oynamağı xəyal edəcəklər.

BARSELONADA OLANDA BİR UŞAQ HAQQINDA EŞİDƏCƏKSƏN. O DA SƏNİN KİMİ...

"Barselona"da olarkən gənc komandada oynayan bir uşağın adını eşidəcəksən. O da sənin kimi 10 nömrə geyinir. O da sənin kimi gülür. Sənin kimi top oynayır. Sən və komanda yoldaşların gənc komandanın oyununu izləyəcək və o an həmin uşağın möhtəşəm futbolçu olacağını anlayacaqsan. O uşaq fərqlidir. Adı Leo Messidir.

Məşqçilərə uşağı əsas komandaya gətirmələrini və onunla birlikdə oynamaq istədiyini deyəcəksən. Komandaya gəldikdə isə hər kəs eyni milli komandada danışıldığı kimi, onun haqqında danışacaq.

Ona bir tövsiyə verməyini istəyirəm.

Ona de ki, sadəcə xoşbəxtlik ilə oyna. Azad oyna. Topla oyna.

Sən getdikdən sonra belə sərbəst stil futbol "Barselona"da Messi ilə davam edəcək.

Həyatında bir çox yaxşı və pis an olacaq. Amma olan hər şeyi futbola borclusan. İnsanlar sənə tərzin haqqında sual verdiklərində, ya da məğlub olduğunuz oyundan sonra niyə güldüyünü soruşanda tək bir xatirəni düşünməyini istəyirəm.

Atan səni tərk etdiyində onu izləyə biləcəyin heç bir film yox idi. Ailənin heç pulu yox idi və bir kamera ala bilməmişdiniz. Onun səsini, gülüşünü bir daha duyamayacaqsan.

Amma onun haqqında hər zaman xatırlaya biləcəyin bir xatirə olacaq. Birlikdə futbol oynadığınız bir foto. Topa ayağındadı və sən yenə gülürsən. O da səni izlədiyi üçün xoşbəxtdi.

Pul gələndə, təzyiq artanda, tənqidlər çoxalanda sadəcə azad qal.

Hər zaman atanın dediyi kimi oyna.

Sadəcə, topla oyna.

Ronaldinyodan uşaqlığına məktub: Ayağında futbol topu varsa… - FOTO

Ronaldinyodan uşaqlığına məktub: Ayağında futbol topu varsa… - FOTO

Ronaldinyodan uşaqlığına məktub: Ayağında futbol topu varsa… - FOTO

Ronaldinyodan uşaqlığına məktub: Ayağında futbol topu varsa… - FOTO

Xəbər lenti