Xəzər Xəbər

Mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır VİDEO

Veb TV | 21:20 • 19 Yanvar 2021
Mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır

Ötən gün prezident İlham Əliyev Sumqayıtda 2 zavodun təməlini qoydu. İqtisadçılar bildirirlər ki, sənayeləşmə və yerli istehsalın dəstəklənməsi prioritet olaraq qalmaqdadır. Yeni istehsal müəssisələrinin işə düşməsi idxaldan asılılığı aradan qaldırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərini də sürətləndirəcək.


Ölkədə yeni istehsal müəssisələrinin işə düşməsi işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərini sürətləndirəcək.


Ötən gün Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" MMC və "Glassica" QSC-nin zavodlarının təməlini qoydu. Bu müəssisələr işə düşdükdən sonra sulfat turşusu və müxtəlif çeşidli rəngli şüşə tara məhsulları ilə əlaqədar xaricdən asılılıq tam aradan qaldırılacaq və ölkənin ixrac imkanları yaranacaq. Millət vəkili Vüqar Bayramov deyir ki, sənayeləşmə və yerli istehsalın dəstəklənməsi prioritet olaraq qalmaqdadır. Son dövrlər yaradılan müəssisələr həm qeyr-neft məhsulları ixracının artmasına imkan yaradır, həm də ixracın strukturunda keyfiyyətcə yeni dəyişikliklərə gətirib çıxarır. Bu həm də ölkəyə valyuta axınını, eləcə də investisiya cəlbini artıracaq.


Vüqar Bayramov bildirir ki, daxildə istehsal edilən məhsullardan istifadə olunması işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərini də sürətləndirəcək. Bu da həmin ərazilərdə yeni iqtisadi inkişaf modelinin formalaşmasına imkan yaradacaq. Bu model də sonradan ölkənin digər ərazilərinə transfer olunacaq.


Bərpa və yenidənqurma nəticəsində yeni müəssisələrin qurulması işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatında payının artmasına gətirib çıxaracaq.


Xəbər lenti