Xəzər Xəbər

Şuşaya aparan xidməti yol istifadəyə verildi VİDEO

Veb TV | 19:37 • 18 Yanvar 2021
Şuşaya aparan xidməti yol istifadəyə verildi

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni layihəyə uyğun aparılır. Sözügedən yolun uzunluğu 17 kilometr qısalıb. Layihəyə İsa bulağınadək 2 kilometr yolun inşası da daxil edilib. Artıq Şuşa şəhərinədək 2 hərəkət zolağı enində olmaqla xidməti yol da istifadəyə verilib.


Füzulidən Şuşaya yol məşhur Topxana meşəliyinin kənarı ilə çəkilir.


Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 kilometrə qədər qısalaraq 84,6 kilometr təşkil edir. Avtomobil Yolları QSC-nin mətbuat katibi Anar Nəcəfli deyir ki, ilkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 kilometr olacaq. Qeyd edək ki, artıq Şuşa şəhərinədək 101, 5 kilometrlik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol da istifadəyə verilib. Yol boyu bu hissədə 2 hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.


Yeni Füzuli-Şuşa avtomobil yolunun ilk 48 kilometri 6, 48-84 kiloemtrlik hissəsi isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29, 5 və 21,5 metr təşkil edəcək.


Yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik dairəvi suötürücü boruların və düzbucaqlı su keçidlərinin, həmçinin müxtəlif səviyyəli yol qovşaqlarının, avtomobil körpülərinin və tunellərin inşası da layihə üzrə nəzərdə tutulur. Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edəcək. Yeni layihə üzrə təyin olunmuş qrafikə uyğun Füzuli-Şuşa yeni avtomobil yolunda inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.


Xəbər lenti