Xəzər Xəbər

Nazir müavini: "2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlər təyin edilib"

Cəmiyyət | 11:37 • 18 Yanvar 2021
Nazir müavini: "2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlər təyin edilib"

Postmüharibə dövründə 11 mindən çox şəhid ailəsi üzvü, qazi, müharibədən zərər çəkən şəxs sosial dəstəklə əhatə olunub.  O cümlədən 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlər təyin edilib, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslər aktiv məşğuluq proqramlarına cəlb olunub, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib.


Xezerxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.


O, son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib. İndiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi evin, 7200-dən çox avtomobilin verildiyini qeyd edib. Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin nazirliyin balansına verilməsi prosesinin bitməkdə olduğunu bildirib. Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyini deyib.


A.Kərimov diqqətə çatdırıb ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimizin reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır. Son bir ayda onlara 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub, hazırda da bu sahədə işlər davam edir.


Nazir müavini vurğulayıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib. 2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20 faiz, Prezidentin təqaüdü və müavinət üzrə 18 faiz, ünvanlı sosial yardım üzrə 41 faiz çox vəsait yönəldilib.

Xəbər lenti