Xəzər Xəbər

Banklar Assosiasiyasından krediti olan şəhid ailələri və qazilərlə bağlı - Bəyanat

Gündəm | 16:32 • 2 Dekabr 2020
Banklar Assosiasiyasından krediti olan şəhid ailələri və qazilərlə bağlı -

Azərbaycan Banklar Assosiasiyası (ABA) bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə məlumatlarla bağlı bəyanat verib.


ABA-dan Xezerxeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin tapşırıqları və Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyəsi ilə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul edib:


1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;


2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;


3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;


4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;


5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.


Bildiririk ki, Azərbaycan Banklar Assosiasiyasına üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.


Hazırda əsassız, ictimaiyyətdə yalnış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılmasının ümumi işimizə və qarşıya qoyduğumuz məqsədlərə uyğun olmadığını və belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik.


Azərbaycan bank icması hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər".



Qeyd edək ki, ABA-nın prezidenti Zakir Nuriyev Modern.az-a açıqlamasında şəhid, qazi ailələrinə edilən zənglərin səbəbini ümumi baza məlumatlarının olmaması ilə əlaqələndirmişdi.


Sevinc Yasinqızı

Xəbər lenti