ATƏT-in fəaliyyətdə olan sədri bəyanat yayıb.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə ATƏT-in rəsmi saytında qeyd olunub.
Bu gün təmas xəttində şiddətin kəskin artdığını və mülki itkilər barədə məlumatların olduğunu qeyd edən ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Xarici İşlər naziri Edi Rama təcili olaraq de-eskalasiya ilə bağlı çağırış edib.
"Mən bütün tərəfləri bu münaqişədə insan tələfatı daha da artmadan əvvəl dərhal atəşkəsi bərpa etməyə çağırıram”, - deyə Edi Rama bildirib.
Fəaliyyətdə olan sədr deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik tərəflərlə sıx təmasdadır.
Edi Rama regionda vəziyyətin sabitləşməsi üçün onların səylərini tamamilə dəstəklədiyini bildirib. O qeyd edib ki, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə alternativ yoxdur.
O, həmsədrlərin ilkin şərtlər olmadan ən qısa müddətdə substantiv danışıqları bərpa etmək istiqamətində görülən səylərini dəstəklədiyini vurğulayıb.
ATƏT-in fəaliyyətdə olan sədri son toqquşmalarda həyatını itirənlərin ailələrinə başsağlığı verib.