Xəzər Xəbər

Mövsümi qrip əleyhinə vaksinasiya olduqca önəmlidir

Cəmiyyət | 17:24 • 26 Sentyabr 2020
Mövsümi qrip əleyhinə vaksinasiya olduqca önəmlidir

Hər beş ildən bir təsdiq olunan Tədbirlər Proqramı çərçivəsində peyvənd təqviminə uyğun olaraq dövlət hesabına 11 xəstəliyə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir. Azərbaycanda immunlaşdırma proqramında Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur.


Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.


Onun sözlərinə görə, hər il Azərbaycanda yoluxucu xəstəliklərin immunoprofilaktika proqramı çərçivəsində peyvənd təqviminə uyğun olaraq həyata keçirilən peyvəndlərlə yanaşı, əhali tərəfindən bir sıra digər xəstəliklərə qarşı könüllü peyvənd aparılması istiqamətində müxtəlif layihələr təşkil edilir: "Fəsildən asılı olaraq, xüsusilə payız fəslində bir sıra risk qrupları - yaşlılar, həkimlər, xroniki xəstəlikdən əziyyət çəkənlər arasında fəsil qripinə qarşı peyvənd həyata keçirilir. Bu, hər birimizin, xüsusilə risk qrupundan olanların tənəffüs orqanları xəstəliklərindən müdafiəsinə xidmət edir. Əminəm ki, bu il bütün dünya üçün problem yaradan, o cümlədən Azərbaycanın da mübarizə apardığı pandemiya dövründə fəsil qripinə qarşı peyvənd tədbirlərinin həyata keçirilməsi həm immunoprofilaktika proqramı çərçivəsində görülən tədbirlərə, həm də pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə böyük dəstək olacaq. Azərbaycanda bu günədək çox uğurla həyata keçirilən peyvənd proqramı çərçivəsində təmin olunan peyvəndlər mütləq qaydada Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan keçirilib, təşkilatın bütün standartlarına cavab verir. Bu da Azərbaycanda keçirilən peyvənd təqvimi çərçivəsində 11 xəstəliyə qarşı mübarizədə tətbiq olunan bir təcrübədir".


Xəbər lenti