Xəzər Xəbər

Gələn ay bu şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

Cəmiyyət | 12:26 • 23 Sentyabr 2020
Gələn ay bu şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində oktyabrın əvvəllərindən əlilliyi olan şəxslərin qəbuluna başlanması nəzərdə tutulur.


Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.


Bildirilib ki, əhali arasında virusa yoluxma sayının azalması və xəstələrin sağalmasında müsbət  dinamika nəzərə alınaraq, əlilliyi olan şəxslərin mərhələli şəkildə reabilitasiya mərkəzlərində stasionar formada qəbulu planlaşdırılır. İlkin mərhələdə pandemiya ilə əlaqədar bərpa müalicəsi yarımçıq qalan, yüksək reabilitasiya potensiallı və daha çox reabilitasiyaya ehtiyacı olan şəxslər, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar bərpa müalicəsi ilə təmin ediləcək. Həmin şəxslərin növbəlilik əsasında reabilitasiya müəssisələrinə qəbulu həyata keçiriləcək.


Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq sosial məsafənin qorunması məqsədi ilə əlilliyi olan şəxslər palatalarda tək yerləşdiriləcək. Ümumilikdə, postpandemiya dövründə bərpa mərkəzlərində əlilliyi olan şəxslərin və işçi heyətinin COVID-19 infeksiyasından qorunması üçün profilaktik tədbirlərə dair daxili təlimatlar hazırlanıb.

Xəbər lenti