Xəzər Xəbər

Rusiyanın dəniz məhsullarında COVID-19 aşkarlandı

Dünya | 12:52 • 21 Sentyabr 2020
Rusiyanın dəniz məhsullarında COVID-19 aşkarlandı

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi bildirib ki, ölkənin şimal-şərqindəki Szilin əyalətində Rusiyadan idxal olunan dondurulmuş dəniz məhsullarının qablaşdırılmasında koronavirus aşkar edilib.


Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.


Koronavirusun tapıldığı paket cümə günü vilayətin paytaxtı Çançunda keçirilmiş gündəlik yoxlama zamanı müəyyən edilib. Şənbə günü Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ilkin nəticəni təsdiqləyib.


Koronavirusun üzə çıxarılmasından sonra Çançunun tibb orqanları COVID-19-un olduğu paketlə təmasda olanların hamısını tibbi müşahidə altına alıblar. Onların hamısının koronavirus testləri mənfi nəticə verib.


Eyni zamanda, qablaşdırılmış bu dəniz məhsullarından 10 kiloqramı vilayətin Fuyu şəhərindən göndərilib. Bazar günü yerli səhiyyə orqanları həmin məhsullarla təmasda ola bilən sakinlərdən aidiyyəti orqanlara məlumat vermələrini və COVID-19 testindən keçmələrini xahiş ediblər.


İyulda və avqustda Çin gömrükçüləri Ekvadordan dondurulmuş krevetkaların qablaşdırmalarında COVID-19 izləri aşkarlayıb./report

Xəbər lenti