Xəzər Xəbər

Bölgə sakinlərinə şad xəbər: marşrutlar vahid kart sisteminə keçəcək VİDEO

Veb TV | 20:01 • 20 Sentyabr 2020
Bölgə sakinlərinə şad xəbər: marşrutlar vahid kart sisteminə keçəcək

Yaxın vaxtlarda ölkənin şəhər və rayon mərkəzilərində fəaliyyət göstərən marşrut avtobuslarında kart sistemi tətbiq ediləcək. Bununla bağlı həm Dövlət Avtomobil Nəqliyyatı Xidməti, həm də İcra Hakimiyyətlərinin tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsinə başlanılıb.

 

 

Ölkənin ən böyük şəhərlərindən Sumqayıt və Gəncədə, eləcə də digər rayon və şəhərlərdə avtobuslarda kart sistemi tətbiq olunacaq.

 

 

Məsələn son zamanlar Sumqayıt şəhərində nəqliyyat sistemində aparılan işlər nəticəsində əksər marşurut xətlərinə yeni avtobuslar verilib. Ancaq avtobuslarda kart sisteminin tətbiq edilməməsi nəticəsində əksər hallarda sürücülər sərnişinlərin təkidi ilə avtobusları dayancaqdan kənarda saxlamalı olurlar.

 

 

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi" nin rəisi Tofiq Saydumov XəzərXəbər-ə bildirib ki, şəhər ərazisində fəaliyyət göstərən marşurt avtobuslarında kart sisteminə keçidlə bağlı hazırda danışıqlar aparılır.

 

 

 

Tofiq Saydumovun sözlərinə görə, ilk olaraq şəhərdə fəaliyyət göstərən 3 və 9 saylı marşurt avtobuslarında nəğdsiz ödəniş sistemi tətbiq olunacaq. Ümumilikdə isə qurumun balansında olan bütün avtobuslarda kart sisteminin tətbiqi bu ilin sonunadək başa çatdırılacaq.

 

 

 

Gəncədə də sərnişinlərin əksəriyyəti də avtobuslarda nəğd ödənişdən imtinanı zəruri hesab edir. Səbəb isə həm bu cür ödənişin yaratdığı çətinliklər, həm də pandemiya ilə əlaqədar daha da ciddiləşən sanitar-gigiyenik tələblərdir.

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında ''Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi''ndən də bildirirlər ki, bu məsələ artıq gündəmdədir və kart sisteminə keçidlə bağlı layihə hazırlanır.

 

Mingəçevir şəhərində də insanların rahat hərəkəti üçün müxtəlif ünvanlara hərəkət edən maşurut xəttləri fəaliyyət göstərir. Sakinlər şəhər daxilində hərəkət edən nəqliyyat vasitələrində kart sisteminə keçidi vacib hesab edirlər.

 

Dövlər Avtomobil Nəqliyyatı Xidmətinin sözcüsü Günay Əliyava da təsdiqləyir ki, rayon və şəhərlərdə fəaliyyət göstərən marşurt avtobuslarında kart sistemi tətbiq olunacaq. Bu məsələ 2019-2023-cü il Yol Hərəkətinin Təhlükəsizliyinə dair dövlət proqramı layihəsində öz əksini tapıb.Bu layihənin tərkib hissəsi olaraq ''Vahid Avtomobil Nəqliyyatı İnformasiya Sistemi'' müəyyən edilib.Artıq bu istiqamətdə işlərə də başlanılıb.

 

Qurumun tabeliyində olan regionlarda fəaliyyət göstərən marşurt avtobuslarında kart sisteminin tətbiqi 2023-cü ilə qədər yekunlaşacaq.

Xəbər lenti