Xəzər Xəbər

Operativ Qərargah açıqladı - Kafe və restoranlar açılır - VİDEO

Veb TV | 19:47 • 15 Avqust 2020
Operativ Qərargah açıqladı -

Ölkəmizdə tətbiq olunan karantin qaydalarında daha bir neçə yumşaldılmaya gedilir. Belə ki, karantin tətbiq edilən ərazilərdə kafe, restoran və digər ictimai iaşə obyektləri səhər saat 9-dan axşam saat 10-dək fəaliyyət göstərə biləcək. Prosesə avqustun 18-dən start verilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu günkü iclasında aktiv xəstə sayının azalması səbəbindən xəstəxanalarda da vəziyyətin normallaşdığı açıqlanıb. İclasda sahibkarlara tətbiq edilən güzəştlərdən də danışılıb.

Kafe və restoranların fəaliyyəti avqustun 18-dən etibarən bərpa olunur. Bu Operativ Qərargahın bu gün keçirilən brifinqində elan olunub. Ancaq restoran və digər ictimai iaşə obyektləri bunun üçün xüsusi qaydalara əməl etməlidirlər. Prezidentin köməkçisi və prezident administrasiyasının xarici siyasət məsələlərin şöbəsinin müdiri Hikmət Hacıyev yumşalmanın təfərrüatlarını açıqlayıb.

Hikmət Hacıyev rayonlara gediş-gəliş məsələsinin müzakirə olunduğunu ancaq bununla bağlı yekun qərar verilmədiyinə də diqqət çəkib. Prezidentin köməkçisi vurğulayıb ki, ezamiyyət icazələri olan şəxslərin bölgələrə getməsi koronavirusa yoluxanların sayını artırıb. Buna görə bu məsələdə növbəti addımlar xüsusi diqqətlə araşdırılır.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə son vaxtlar izlənilən müsbət tendensiyanın aktiv xəstə sayını kifayət qədər azaltdığını və bunun tibb müəssisələrinin, eləcə də tibb personalının işini yüngülləşdirdiyini diqqətə çatdırıb.

İqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətinin rəis müavini Samirə Musayeva isə sahibkarlara pandemiya ilə əlaqədar olaraq tətbiq edilən geniş güzəştlərdən danışıb. O, sahibkarların fəaliyyətində davamlılığın təmin edilməsi üçün tələb olunan bütün addımların atıldığını diqqətə çatdırıb.

Samirə Musayeva 2020-ci ilin yanvar-iyul aylarında vergi daxilolmalarının 103,5%, yəni artıqlaması ilə icra olunduğuna da diqqət çəkib. Sosial-sığorta ödəmələri üzrə müəyyən olunan proqnoz-tapşırıq 113,2% icra olunub. Samirə Musayeva bunun son bir neçə ildə həyata keçirilən ardıcıl və sistemli şəffaflaşdırma tədbirləri və sahibkarların dövlətin çağırışlarına cavab olaraq iş yerlərini, işçi saylarını dəqiq göstərməsi ilə əlaqədar olduğunu vurğulayıb.

Xəbər lenti