Xəzər Xəbər

Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq

Gündəm | 17:06 • 6 Avqust 2020
Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) reallaşdırdığı "Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi ilə bağlı onlayn görüş keçirilib.


Bu barədə XəzərXəbər-ə nazirlikdən bildirilib.


FAO-nun yerli nümayəndəsinin müavini Bariz Mehdiyev bildirib ki, layihənin icrası Zaqatala, Qax və Balakən rayonlarında ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq, bazara çıxışını asanlaşdıracaq.  Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyinin proqram rəhbəri Rainer Freund qeyd edib ki, Azərbaycan inanılmaz dərəcədə zəngin aqro-ekoloji bölgələrə, müxtəlif iqlim tiplərinə və kənd təsərrüfatı məhsullarına malikdir: "Bu məhsullardan yerli qida məhsullarının hazırlanması ənənəsi davam edir. Aİ-da və başqa yerlərdə onilliklər, bəlkə də yüzilliklərlə qorunan bu ənənə bir üstünlük kimi istifadə edilir,  yerli məhsullarla bazara çıxışı inkişaf etdirmək və rəqabət mühitini gücləndirmək vasitəsinə çevrilir”.


Layihənin əsas tərəfdaşlarından olan nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə yeni layihənin əhatə etdiyi rayonlardakı fermerlərin rifahına göstərəcəyi təsir barədə məlumat verib. O, sahədən yığıldığı kimi satışa çıxarılan məhsullardan fərqli olaraq əlavə dəyər qazanan məhsulların kəndlilərə daha çox gəlir gətirəcəyini bildirib. "Layihə bizə təkcə bir neçə dəyər zənciri yaratmağa deyil, həm də dəyər zəncirləri üzrə sistem yaratmağa imkan verəcək”, - deyə Firdovsi Fikrətzadə vurğulayıb.


Layihənin rəhbəri Yusif Axundov əlavə edib ki, seçilmiş 6 ərzaq məhsulu üzrə dəyər zəncirləri yaradılacaq və istehsal olunmuş məhsulların bazara çıxışı təşkil olunacaq. Layihə rəhbəri istehsal edilmiş məhsullara bazar tapılması üçün bir sıra dövlət və özəl qurumlarla əlaqələr qurulacağını vurğulayıb. Görüşdə FAO-nun, Aİ-nın, Dünya Bankının, Kənd Təsərrüfatı Nazirliyinin, bir sıra beynəlxalq layihələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının, fermer assosiasiyalarının, özəl təşkilatların rəhbərləri iştirak ediblər. Çıxış edənlər fermerlərə məsləhət xidmətləri göstərmək üçün atılacaq addımlar, yaradılacaq innovativ platformalar barədə məlumatlar verib, beynəlxalq nümunələrdən danışıblar.


"Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti