Xəzər Xəbər

İsraildə koronavirus sürətlə yayılır

Dünya | 16:27 • 15 İyul 2020
İsraildə koronavirus sürətlə yayılır

İsrail COVID-19 infeksiyasının sürətlə yayılması nəticəsində ikinci total izolyasiya rejiminə doğru gedir.

İsrail KİV-ləri xəbər verir ki, bu barədə Səhiyyə naziri Yoel Edelşteyn xəbərdarlıq edib. Onun sözlərinə görə, infeksiyaya yoluxma hallarının gündəlik artımı təxminən iki min səviyyəsində qalsa və ağır xəstələrin sayı artsa, mütləq sərt qərarlar qəbul ediləcək.

İsrail Səhiyyə Nazirliyi ötən sutka ərzində ölkədə 2 min 112 nəfərin koronavirusa yoluxduğu barədə məlumat yayıb. Bir gün öncə isə bu rəqəm 1600 idi.

"İki min yoluxma qırmızı cizgidir. Biz hazırkı məhdudiyyətlərin müsbət nəticə verib-verməyəcəyini yoxlamaq üçün daha 3-4 gün gözləyəcəyik. Lakin bu, möcüzə olardı”, - deyə nazir əlavə edib.

İsrail KİV-ləri izolyasiya rejiminin artıq həftə sonu tətbiq olunacağını istisna etmir. Ekspertlər bildirirlər ki, ölkədə koronavirusun yayılma sürəti mütəmadi surətdə artır və yoluxma zəncirini qırmaq mümkün olmayıb.

COVID-19 infeksiyasının ikinci dalğası koalisiya hökumətində də fikir ayrılığı yaradıb. Sonuncu iclasda Nazirlər Kabineti yeni məhdudiyyətlər barədə razılığa gələ bilməyib. Binyamin Netanyahu koalisiya üzrə əsas tərəfdaşı "Kahol-Lavan” partiyasının lideri, Müdafiə naziri Beni Hansı ittiham edərək onun fəaliyyətinin İsraildə total karantinə səbəb olacağını və sosial-iqtisadi nəticələrə görə məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 15:20-yə olan məlumatına əsasən, dünyada 13 milyon 487 min 894 yoluxma və 581 min 981 ölüm faktı qeydə alınıb, 7 milyon 878 min 258 xəstə sağalıb. Hazırda müalicəsi davam edən 5 milyon 27 min 655 xəstədən 59 min 580 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İsraildə indiyədək yeni koronavirusa yoluxanların sayı 42 min 813 nəfərə çatıb, 375 nəfər isə həyatını itirib.

Xəbər lenti