Xəzər Xəbər

Paytaxt merinin vəsiyyəti aşkarlanıb

Dünya | 14:38 • 10 İyul 2020
Paytaxt merinin vəsiyyəti aşkarlanıb

İyulun 9-da ölü tapılan Seul şəhərinin meri Pak Von-sun ölümündən öncə yazdığı məktubda ailəsindən və vətəndaşlardan üzr istəyib, cəsədinin yandırılmasını vəsiyyət edib.


Cənubi Koreya KİV-ləri xəbər verir ki, məktubun fotosu Seul meriyası tərəfindən jurnalistlər arasında yayılıb.


"Hər kəsdən üzr istəyirəm. Bu həyatda yanımda olan hər kəsə minnətdaram. Acı çəkdirdiyim ailəmdən də üzr istəyirəm. Cəsədimi kremasiya edin və külümü valideynlərimin məzarı üzərinə səpin”, - Pak Von-sun iş masasının üzərində qoyduğu məktubda belə yazıb.


Qeyd edək ki, iyulun 9-da merin qızı polisə zəng vuraraq atasının vəsiyyətə bənzər məktub qoyaraq evdən çıxdığını bildirib. Hüquq-mühafizə orqanları Pak Von-sunun yerli vaxtla 10:44-də Mərkəzi Seulda yerləşən iqamətgahını tərk etdiyini və 15 dəqiqədən sonra yaxınlıqdakı parka çatdığını müəyyən edib. Onun cəsədi gecə yarısı Pukaksan dağının ətəyində, meşə zolağında tapılıb, cəsədin üzərində zorakılıq əlaməti olmayıb. İlkin versiyaya görə, mer intihar edib.


İnsidentdən bir gün əvvəl Cənubi Koreya KİV-ləri belə bir məlumat yaymışdı ki, merin keçmiş katibəsi Pak Von-suna qarşı cinsi təcavüz barədə iddia irəli sürüb. Qadın merlə yazışmalarını sübut kimi təqdim edib və bu əməlin başqa qurbanlarının da olduğunu deyib.


Tanınmış hüquq müdafiəçisi Pak Von-sun hakim Demokratik "Toburo” partiyasının üzvü idi. 2011-ci ildən bəri iki dəfə Seul meri seçilmişdi. Bir çoxları onu 2022-ci ildə keçiriləcək prezident seçkilərinin potensial namizədi hesab edirdi.


Məmurun iyulun 13-nə planlaşdırılan dəfn mərasimi beş gün davam edəcək.

Xəbər lenti