Xəzər Xəbər

Çin ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək

Dünya | 16:31 • 8 İyul 2020
Çin ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək

Çin Tibet məsələsi ilə əlaqədar kobud fəaliyyətləri olan ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək.


Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien iyulun 8-də gündəlik mətbuat konfransında məlumat verib. O, rəsmi Pekinin bu qərarının ABŞ-ın bəzi Çin rəsmilərinə viza məhdudiyyəti ilə bağlı qərarına cavab olduğunu bildirib. Çin tərəfi viza məhdudiyyətinin konkret hansı şəxslərə tətbiq olunacağını açıqlamayıb.


"Tibet məsələsi Çinin tam daxili işidir və heç bir xarici müdaxilə yolverilməzdir", - deyən Cao Licien Çinin, eləcə də Tibet muxtar bölgəsinin dünyaya açıq olduğunu bildirib. O, əcnəbilərin Tibet bölgəsinə səfər etmələri ilə bağlı heç bir problem olmadığını, Çin hökumətinin heç vaxt bu cür səfərlər üçün məhdudiyyət tətbiq etmədiyini deyib.


Çin XİN-in məlumatında deyilir ki, 2015-2018-ci illərdə Tibet muxtar bölgəsinə 176 min əcnəbi, o cümlədən 175 min turist, 500 diplomat və 343 jurnalist səfər edib. Ötən il isə yerli və xarici 40 milyon turist Tibetdə olub.


Qeyd edək ki, iyulun 7-də Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Pekinin ABŞ diplomatlarının, jurnalistlərinin və turistlərinin Tibet bölgəsinə səfərlərinə mane olduğu üçün Çin rəsmilərinə viza məhdudiyyəti tətbiq edə biləcəyini açıqlayıb.


Ümumiyyətlə, son vaxtlar iki dövlət arasında bir çox məsələlər üzrə gərginlik müşahidə olunur. Bura iqtisadi-ticari mübahisələr, Honkonq və Sincan Uyğur Muxtar Bölgəsi ilə bağlı məsələlər də daxil olmaqla siyasi mövzular, Çinin qabaqcıl texnologiya şirkətlərinə Vaşinqtonun tətbiq etdiyi qadağa və məhdudiyyətlər, COVID-19 virusu ilə bağlı qarşılıqlı ittihamlar, hər iki ölkənin Cənub Çin dənizindəki hərbi fəaliyyəti ilə bağlı məsələlər daxildir. (AZƏRTAC)

Xəbər lenti