Xəzər Xəbər

Neftlə bağlı KRİTİK GƏLİŞMƏ: sabah məlum olacaq

İqtisadiyyat | 13:22 • 5 İyun 2020
Neftlə bağlı KRİTİK GƏLİŞMƏ:

İyunun 6-da OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə Rusiya mətbuatı ölkənin Energetika Nazirliyinə istinadla məlumat yayıb. İclasda "OPEC+” üzrə mövcud hasilat məhdudiyyətlərinin 1 və ya 3 ayadək uzadılması (may-iyun göstəricilərinin saxlanılması) əsas müzakirə mövzusu olacaq.

Xatırladaq ki, OPEC daha əvvəl iyunun 9-da Nazirlər Şurasının 179-cu iclasının videokonfrans formatında təşkilinin, iyunun 10-da isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfransla 11-ci görüşünün keçirilməsinin planlaşdırıldığını açıqlamışdı.

Xatırladaq ki, "OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.

Mayın 1-dən etibarən "Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, "Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.

Xəbər lenti