Xəzər Xəbər

Uxanda bütün əhalinin koronavirus testindən keçirilməsi başa çatıb

Dünya | 14:56 • 2 İyun 2020
Uxanda bütün əhalinin koronavirus testindən keçirilməsi başa çatıb

Yeni növ koronavirusun Çində ilk aşkarlandığı və ən çox yayıldığı Uxan şəhərində bütün əhalinin COVID-19 üçün nuklein turşu (RNT) testindən keçirilməsi prosesi başa çatıb.


AZƏRTAC Uxan şəhər hökumətinə istinadla xəbər verir ki, mayın 14-dən iyunun 1-dək davam edən proses zamanı 9 milyon 900 min nəfər test edilib. Onların heç birinin test nəticələri müsbət çıxmayıb. Buna baxmayaraq, proses zamanı 300 asimptomik hal müəyyən edilib və həmin şəxslər, onlarla yaxın təmasda olmuş 1174 nəfər karantinə alınıb.


Qeyd edək ki, şəhər əhalisinin test edilməsi Uxandakı istehsal sahələrinin, iş yerlərinin və məktəblərin açılması məqsədilə həyata keçirilib. İlkin olaraq test prosesinin 10 günə başa çatdırılması planlansa da, bu, müxtəlif səbəblərdən mümkün olmayıb. Proses hər bir yaşayış zonalarında əhali sıxlığı və sakinlərin sayı nəzərə alınmaqla xüsusi plan əsasında aparılıb. Bu məqsədlə tibb ocaqlarından başqa, şəhərin müxtəlif yerlərində xeyli sayda müvəqqəti test məntəqələri fəaliyyət göstərib. Bəzi şəxslər evlərində test edilib. Uxanda RNT testinin qiyməti 180 yuan (təxminən 25 ABŞ dolları ) təşkil edir. Amma bütün əhalinin testdən keçirilməsi xərclərini hökumət ödəyib ki, bu da təxminən 280 milyon dollar təşkil edib.

Xəbər lenti