Xəzər Xəbər

Prezident və xanımı Şamaxı rayonuna səfər edib VİDEO

Veb TV | 21:40 • 25 May 2020
Prezident və xanımı Şamaxı rayonuna səfər edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfərə gəliblər.

Dövlət başçısı və birinci xanım ilk olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Prezident və birinci xanım ardınca Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Burada yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər inşa olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət ediblər.

Sonra Prezident və birinci xanım Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar. Sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib. Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verib.

Bu gün həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanacaq.

Dövlət başçısının Şamaxıya səfəri zamanı Meysəri kəndində də yeni uşaq bağçası istifadəyə verilib. Kənd yerlərində belə bağçaların inşası ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada olublar. Daha sonra dövlətimizin başçısı və birinci xanım zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış şəraitlə də maraqlandılar. Məlumat verildi ki, zəlzələdən zərər çəkənlər üçün ilkin mərhələdə inşa olunmuş 44 və 20 mənzilli iki binada hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün həm də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar. Hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır. Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

Xəbər lenti