Xəzər Xəbər

Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər RƏSMİ AÇIQLAMA - VİDEO

Veb TV | 20:59 • 8 Aprel 2020
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər

Azərbaycanda koronavirusla bağlı son vəziyyət təəssüfki, heç də ürək açan deyil. Xəstələrin sayı artıq 100-ün üzərindədir. Vətəndaşların karantin qaydalarına əməl etməməsi vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Məhz buna görə də, karantin rejiminin müddəti uzadıla bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirdiyi brifinqdə korona virusla bağlı son məlumatları açıqlayıb.


Bu gün Azərbaycanda 105 nəfər koronavirusa yoluxub, yoluxma artan xətt üzrə gedir. Nazirlər kabineti yanında operativ qərargah bu gün keçirdiyi brifinqdə korona virusla bağlı son məlumatları açıqlayıb.


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların sayı ümumilikdə 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər isə vəfat edib. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, bu artımın əsas səbəbi vətəndaşların ötən həftələr ərzində karantin qaydalarına əməl etməməsidir.


Operativ Qərargahın son məlumatına görə xüsusi karantin rejimini bir gündə 3073 nəfər pozub.12 nəfər həbs edilib,iki ictimai iaşə obyekti aşkarlanıb,1 cinayət işi üzrə 2 nəfər həbs edilib,sosial şəbəkələrdə yalan məlumat yayan bir nəfər həbs edilib, bir nəfər barəsində inzibati tədbir görülüb. Son monitorinqlərdə o də məlum olub ki ,bir çox şirkətlər 30 faizdən artıq sayda işçi cəlb etməklə karantin qaydalarını pozub. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki,bütün bu halların davam etməsi aprelin 20 nə qədər olan xüsusi karantin rejiminin müddətinin artırılmasına səbəb ola bilər.


TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı isə onu bildirdi ki, təəssüf ki hazırda tibb işçiləri arasında da yoluxma halları var.


Ramin Bayramlı onu da əlavə etdi ki,hazırda 22 xüsusi rejimli xəstəxanada karonaviruslu xəstələrin müalicəsi həyata keçirilir. Xəstələrdən 37-nin vəziyyəti ağırdır, onlardan 20-dən çoxu "Yeni klinika"da müalicə alır. TƏBİB-in idarə heyətinin sədri onu da bildirdi ki, 2 yaşından 90 yaşına qədər virusa yoluxanlar var. yoluxmaların sayının artması sosial məsuliyyətsizliklə bağlıdır.Bu məsuliyyətsizlik davam edərsə TƏBİB ölkə başçısına daha sərt qəraraların qəbul edilməsi üçün müraciət edəcək.


Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov maska çatışmazlığı ilə bağlı suala aydınlıq gətirib. O bildirib ki, Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb.Gün ərzində apteklərə 450 mindən artıq maska verilir.Tələb çox olsa da süni qiymət artımına yol verilməyəcək.


Bu günə olan məlumata görə isə Koronavirusla Mübarizə Fondunda 110 milyon manat ianə yığılıb. Dövlət vətəndaşların social yardımı üçün bir sıra layihələr həyata keçirir. Prezidentin köməkçisi Hikmət Hacıyev isə uçuşların dayandırılması səbəbindən xarici ölkələrdə qalan vətəndaşlarımızla bağlı son məlumatı verib.


Qeyd edək ki ,Azərbaycanda koronaviruslu xəstələri müəyyən etmək üçün 50 min ə yaxın test keçirilib. Bu günlərdə Gəncədə laboratoriya fəaliyyətə başlayıb. Şəki və Sumqayıtda da laboratoriyalar açılacaq.


Xəbər lenti