Xəzər Xəbər

Tramp respiratorlarla bağlı o sənədi imzaladı - Hərbi şirkətlərə tapşırıq

Dünya | 22:45 • 3 Aprel 2020
Tramp respiratorlarla bağlı o sənədi imzaladı -

ABŞ Prezidenti Donald Tramp tənəffüs aparatları istehsalçılarına kömək məqsədilə "Müdafiə sənayesi haqqında Qanun"un maddələrinin tətbiq dairəsini genişləndirəcəyini elan edib. Bu, getdikcə sayı artan COVID-19 virusuna yoluxmuş pasiyentlərin respiratorlarla sabit təminatına şərait yaradacaq.

Trampın sözlərinə görə, həmin sənədə müvafiq olaraq "General Electric", "Hill Rom", "Medtronic", "ResMed", "Royal Philips" və "Vyaire Medical" şirkətləri kimi yerli istehsalçılara respiratorların istehsalı üçün zəruri resursların əldə edilməsində səhiyyə, sosial təminat və milli təhlükəsizlik nazirlikləri tərəfindən yardım göstəriləcək.

"Mən belə çətin vaxtda respiratorların istehsalını artırmalarına görə bu və digər yerli istehsalçılara minnətdaram. Bugünkü sərəncam respiratorların sürətli istehsalına çətinlik törədən, istehsal-satış xəttindəki maneələri aşaraq insan talelərini xilas edəcək", - deyə Tramp bildirib.

Fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üzrə Federal Agentliyin vəzifəli şəxsləri bu həftə Konqresə nəzarət komitəsinə bildiriblər ki, 100 min respiratorun çox hissəsi tibbi bazar üçün yalnız iyun ayında əlçatan olacaq.
Onlar, həmçinin bildiriblər ki, dövlətin ehtiyatında cəmi 9500 respirator aparatı var və aprelin ortalarınadək buraya daha 3200 respirator əlavə olunacaq. Məhz aprelin ortalarında koronavirusun yayılmasının pik həddə çatacağı proqnozlaşdırılır./Azərtac

Xəbər lenti