Xəzər Xəbər

Avstriyada işsizliyin səviyyəsi rekord həddə çatıb

Dünya | 16:12 • 1 Aprel 2020
Avstriyada işsizliyin səviyyəsi rekord həddə çatıb

Koronavirus pandemiyası Avstriyada işsizliyin səviyyəsini İkinci Dünya müharibəsindən sonra ən yüksək həddə çatdırıb.

Mart ayının sonunda bir ay əvvəlki dövrlə müqayisədə ölkədə işsizlərin sayı 52,5 faiz artaraq 562522 nəfərə çatıb.

Martın 16-dan bütün ölkə üzrə tətbiq edilən məhdudiyyətlər bir çox müəssisələrin fəaliyyətinin dayandırılması ilə nəticələnib. Xüsusilə ictimai-iaşə müəssisələrinin əksəriyyəti hazırkı vəziyyətdə işçilərin bir qismi ilə yollarını ayırmaq məcburiyyətində qalıb.

Avstriya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Volfqanq Katsian hökumətdən işsizliyə görə müavinətlərin artırılmasını tələb edib. O, bu tələbini hazırkı böhran dövründə iş yerini itirən şəxslərin qısa zamanda başqa bir yerdə işlə təminolunma şansından məhrum olması ilə izah edib. V.Katsian, həmçinin şirkət rəhbərlərini öz işçilərinə həmrəylik nümayiş etdirməyə, onları dövlət tərəfindən dəstəklənən qısamüddətli iş rejiminə (aylıq maaşın 70-80 faizi saxlanmaqla) keçirməyə dəvət edib. Lakin şirkətlərin əksəriyyəti bu ağır dövrdə sosial həmrəylik göstərmək əvəzinə işçilərin əmək müqaviləsinə xitam vermək və ya onları qarşılıqlı razılıq əsasında müqaviləni dayandırmaq kimi yollara məcbur ediblər.

V. Katsian bildirib ki, işsizliyin rekord səviyyəsi yaxın aylarda bu cür davam edərsə, hökumət koronavirus böhranına qarşı ayırdığı 38 milyard avroluq yardım fonduna əlavə vəsaitlər cəlb etməli olacaqdır.

Xəbər lenti