Xəzər Xəbər

Azərbaycanda bu obyektlərin FƏALİYYƏTİ DAYANDIRILDI - SİYAHI

İqtisadiyyat | 13:12 • 30 Mart 2020
Azərbaycanda bu obyektlərin

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə fəaliyyətini dayandıran obyektlərin adlarını açıqlayıb.

XəzərXəbər xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun verdiyi məlumata görə, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

Məlumata görə, fəaliyyətini dayandıran obyektlər bunlardır:

bərbərxana və gözəllik salonları,

avtoyuma məntəqələri,

avtomobil təmiri sexləri,

avtomobil ehtiyat hissələrinin satışı mağazaları,

tikinti materiallarının satışı mağazaları,

kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar.

Qeyd edilir ki, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur.

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.

Operativ Qərargahın yaydığı məlumata əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Xəbər lenti