Xəzər Xəbər

Avstraliyada yeni koronovirusa yoluxanların sayı 3800 nəfəri ötüb

Dünya | 10:27 • 29 Mart 2020
Avstraliyada yeni koronovirusa yoluxanların sayı 3800 nəfəri ötüb

Avstraliyada yeni koronovirusa yoluxanların ümumi sayı, son məlumatlara əsasən, 3809 nəfər təşkil edib.

Bu barədə martın 29-da mətbuat konfransı keçirən Baş Nazir Skott Morrison məlumat verib. Baş Nazir vurğulayıb ki, həmin şəxslərdən 2562 nəfəri xaricdən gələnlərdir.

Bununla yanaşı, Avstraliyada virusun yayılma sürətinin azalması da qeydə alınıb. Bu barədə Səhiyyə naziri Qreq Hant həmin gün Kanberrada keçirdiyi mətbuat brifinqi zamanı bəyan edib.

Nazir söyləyib ki, ötən həftə ərzində virusa yoluxma sürəti gündəlik 25-30 faiz təşkil edib. Son günlər isə bu göstərici 13-15 faizə enib. Q.Hant, həmçinin bildirib ki, federal hökumət tərəfindən qəbul olunan ciddi məhdudlaşdırıcı tədbirlər nəticəsində son iki həftədə ölkənin böyük şəhərlərində hərəkət 80 faiz, məktəblilərin təhsil müəssisələrinə gedişi isə 75 faiz azalıb.

Əlavə olaraq qeyd edək ki, Avstraliyada bütün ictimai-iaşə, əyləncə obyektləri, ticarət mərkəzləri, kinoteatrlar, gözəllik salonları, idman zalları, həmçinin qalareyalar, muzeylər və digər tarixi yerlər bağlanıb. Vətəndaşlardan imkan daxilində evlərini tərk etməmək və 1,5 metrlik sosial məsafəni gözləmək xahiş edilir. Onların ölkə daxilində hərəkət etmələri arzuolunmaz elan olunub, istənilən xarici səfərlərə isə qadağa qoyulub.

Xəbər lenti