Xəzər Xəbər

“Koronavirus deyildiyi qədər qorxulu deyil” İnfeksionistdən açıqlama

Cəmiyyət | 13:42 • 28 Fevral 2020
“Koronavirus deyildiyi qədər qorxulu deyil”

"Koronavirus hava-damcı yolu ilə yoluxan kəskin resperator virusdur. Qriplə oxşar əlamətləri var, amma qrip deyil, sadəcə virusun bir növüdür. Düzgün müayinə aparılarsa, həyat üçün deyildiyi qədər təhlükəli deyil”.

Bunu Teleqraf.com-a açıqlamasında infeksionist Azər Nağıyev deyib.

O bildirib ki, uşaqlarda infeksiyalara qarşı davamlılıq daha güclüdür:

"Belə infeksiyalar yaşlılar, sağlamlıq problemi olan insanlara daha tez təsir göstərir. Buna görə də koronavirus nəticəsində həyatını itirənlər arasında uşaqlara rast gəlinmir. Adətən uşaqlar belə infeksiyaları yüngül və fəsadsız keçirirlər”.

İnfeksionistin sözlərinə görə, Azərbaycanda virus aşkarlanmasa da, əhali ehtiyatlı olmalıdır:

"Hər bir ölkəyə virus yayıla bilər. Nəzərə alaq ki, qonşu ölkələrdə bu virus var. Bu bir daha sübut etdi ki, heç bir ölkə virusdan sığortalanmayıb”.

Azər Nağıyev bildirib ki, epidemiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək mütləqdir:

"Orqanizmi sağlam saxlamalıyıq. Sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır. Hər bir insan təkcə özünü deyil, ətrafını da düşünüb, gigiyenik qaydalara əməl etməlidir. Eyni zamanda vaxtaşırı təmiz havaya çıxmaq lazımdır. Qapalı mühitdə profilaktik tədbirlər görülməlidir”.

İnfeksionistin sözlərinə görə, virusun əşyalar vasitəsilə keçmə ehtimalı çox aşağıdır:

"37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır. Əgər, əşyanın üzəri qurudursa, açıqdırsa, virus qısa müddətdə məhv olur.
Virus insanlardan bir-birinə keçir”.

Həkim qeyd edib ki, ölkəmizdə virusla bağlı profilaktik tədbirlər görülüb:

"İnsanlar özlərində şübhəli hal aşkar etdikdə dərhal həkimə müraciət etməlidirlər. Epidemiyanın yayılmasının qarşısını almaq və xəstəliyə yoluxanların müalicəsi ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Hazırda İranda, Çində və digər ölkələrdə Azərbaycan vətəndaşları var ki, onlar geri, öz vətənlərinə qayıdırlar. Virus daşıyıcısı olmadıqları təqdirdə belə karantində saxlanılırlar”.

Xəbər lenti