Xəzər Xəbər

İşıq sayğaclarının balansı mobil telefonla artırılacaq - AÇIQLAMA - VİDEO

Veb TV | 19:34 • 27 Fevral 2020
İşıq sayğaclarının balansı mobil telefonla artırılacaq -

Bu ilin iyun ayından etibarən "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin abunəçiləri smart kartların balansını mobil telefon vasitəsi ilə artıra biləcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

Onun sözlərinə görə, bunun üçün abunəçilərə "card reader" adlı cihaz lazım olacaq. Bu cihazdan istifadə etməklə mobil telefonla yanaşı, kompüterlər vasitəsilə də balansa ödəniş etmək mümkün olacaq.

Vüqar Nəbibəyli onu da deyib ki, yaxın vaxtlarda "Azərişıq" ASC-nin yeni mobil tətbiqi vasitəsilə digər ödənişlər də həyata keçiriləcək. Abunəçilər mobil nömrələrini "Azərişıq" ASC-nin mobil tətbiqində qeydiyyatdan keçirəcəklər. Bununla da kommunal və digər ödənişləri etmək mümkün olacaq.

Qurum rəsmisi əlavə edib ki, "Azərişıq" tərəfindən sayğaclara qanunsuz qoşulanlara qarşı mübarizə tədbirləri aparılır. Qanunsuz qoşulmaları minimuma endirmək üçün köhnə sayğaclar yenilənir və maqnit əleyhinə sayğaclar quraşdırılır. Qarşıdakı illərdə 1 milyona yaxın sayğac da yenilənəcək.

Bildirilib ki, son vaxtlar bu kimi hallara tez-tez rast gəlinir. Belə hallar aşkarlandıqda dərhal tədbir görülür və həmin şəxslər barədə aidiyyatı qurumlara şikayətlər edilir.

Qurum bundan sonra da bu tədbirləri davam etdirəcək və qanunsuz qoşulma edən fərdi yaşayış evi, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana sahibləri cəzalandırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti