Xəzər Xəbər

Türkiyə-Rusiya "savaşında" böyük təhlükə İdlib itkiləri nələr olacaq?

Dünya | 10:38 • 27 Fevral 2020
Türkiyə-Rusiya "savaşında" böyük təhlükə
İdlibdə üz-üzə gələn Türkiyə və Rusiya 5 mart tarixində İstanbulda məsələni masaya yatıracaq. Ekspertlər hər iki tərəfin maraqlarından geri çəkilmədiyini, ortaq nöqtənin tapılmasının çətin olacağını hesab edirlər. Ankara və Moskva arasında İdlib qarşıdurması 2015-ci ildə baş verən təyyarə böhranını xatırladır, hər keçən gün gərginlik daha da artmaqdadır. Hazırda müzakirə edilən əsas suallardan biri də siyasi qarşıdurmanın iqtisadi tərəfidir. Tərəflər uzlaşmasa və İdlib böhranı təyyarə böhranı səviyyəsinə çatarsa, itkilər nələr olacaq?

Türkiyəli yazar Evrem Devrim Zeylut mümkün iqtisadi itkilərdən yazıb.

İxracatda itki:Türkiyə hər il Rusiyaya 4-5 milyard dollarlıq məhsul ixrac edir. Bura səbzə, meyvə, pomidor, sintetik iplər, magistral yollar üçün nəzərdə tutulan bardürlər, minik avtomobilləri və s. daxildir. Silahlı toqquşmalar genişlənərsə, ixracat sıfıra düşə bilər.

Çamadan ticarəti (insanlar Rusiyadan çamadanlarında gətirdiyi malları Türkiyədə satır, əvəzində Rusiyada satmaq üçün mal alırlar):Bu ticarətin 3-4 milyard dollar civarında olduğu deyilir. Əsasən İstanbulda Laləli və Ağsaray bazarlarında, o cümlədən, Qaradəniz bölgəsində bu ticarətlə məşğul olurlar.

Turizm:Ötən il Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 6 milyon olub. Rəsmi məlumatlara görə, hər turist 650 dollar xərcləyir. Bu xərcləri hər turist üçün orta hesabla 500 dollardan götürəndə, ən azı 3 milyard dollar deməkdir.

Özəl sektorun Rusiyadakı ticarəti:Türkiyə firmaları Rusiyada müxtəlif sektorlarda fəaliyyət göstərir. Bu, Türkiyəyə böyük miqdarda valyuta qazandırır. Bunlardan ən önəmlisi inşaat layihələrini həyata keçirənlərdir. Çünki təkcə bu sektordan Türkiyə hər il 4-5 milyard dollar qazanır. Bununla yanaşı, mümkün qarşıdurma türk firmalarının Rusiyanın təsirində olan Balkanlarda, Şərqi Avropanın bəzi ölkələrində, Mərkəzi Asiya və Şərqi Asiyadakı fəaliyyətini də çətinləşdirə bilər.

Enerji investisiyaları: Türkiyənin orta hesabla 40-45 milyard dollar civarında olan enerji idxalı iqtisadiyyatı üçün ağır yükdür. Buna görə də Ankara Atom Elektrik Stansiyası inşa etmək istiqamətində çalışır. Bu işi həyata keçirən Rusiya Akkuyu Atom Elektrik Stansiyasının inşasına 25 milyard dollar investisiya yatırıb. Qarşıdurmanın güclənməsi enerji investisiyalarını da sıradan çıxara bilər.

Ümumilikdə, Ankara və Moskva qarşıdurmasının ən azı 40 milyard dollarlıq iqtisadi itki təhlükəsi yaratdığını deyə bilərik.

publika.az

Xəbər lenti