Xəzər Xəbər

Yüksək vəzifəli məmur korona virusuna yoluxdu - İranda

Dünya | 12:27 • 23 Fevral 2020
Yüksək vəzifəli məmur

İranda koronavirus sürətlə yayılır, ölənlərin və yoluxanların sayı artır. Ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti Kianuş Cahanpur jurnalistlərə bildirib ki, bu gün virusdan daha bir ölüm halı qeydə alınıb.

XəzərXəbər Virtualaz.org-a istinadən xəbər verir ki, ölən şəxs Qum sakinidir, nəticədə bu şəhərdə virusdan ölənlərn sayı 4, ölkə üzrə isə 5 olub. Kianuş Cahanpur ötən sutka ərzində daha 18 yeni yoluxma halı aşkarlandığını, beləliklə, yoluxanların ümumi sayının (təsdiqlənmiş hallar) 28-ə çatdığını bildirib. Yeni yoluxma halları Tehranda, Qumda və Gilan əyalətində qeydə alınıb.

Xəbərlərə görə koronavirusun yayılması ilə bağlı ölkəni təşviş bürüyüb, apteklərdə qoruyucu maskalar sürətlə bahalaşır və tükənir. Onsuz da sanksiyalardan əziyyət çəkən ölkənin qonşuları ilə sərhəd qapıları, aviareyslər bağlanır. İranla intensiv gediş-gəlişə, sıx ticarətə, o cümlədən sərhədyanı ticarətə malik olan Azərbaycan isə hələlik ancaq qonşu ölkədən gələnlərin hərarətini yoxlamaqla kifayətlənir.

Gürcüstanın xəstəliklərə nəzarət üzrə Milli mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bildirdiyinə görə, dünən axşam İrandan gələn üç nəfər (bir ailənin üzvləri) koronavirus şübhəsi ilə Tbilisdəki infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Onların İran vətəndaşları olduqları açıqlanıb.

"Onlar ana və iki uşağıdır, İrandan gəliblər. Təsdiq edirəm ki, İranda koronavirusla bağlı situasiya pisləşir. Son günlərdə ölüm hallarının baş verdiyi rəsmən təsdiqlənib. Ona görə də müvafiq tədbirlər görmək haqda düşünürük. Bu məsələ üzərində nazirlik və müvafiq strukturlar işləyir, çünki İran bizim qonşumuzdur və bu ölkə ilə fəal gediş-gəlişimiz var. Fəal aviaəlaqəmiz də mövcuddur. Əgər İranda epidemik situasiya pisləşməkdə davam etsə hökmən müvafiq tədbirlər görüləcək. Həmin üç nəfərə gəldikdə isə onlarda hərarət və müvafiq simptomlar aşkarlanıb, ona görə də onları infeksion xəstəxanaya çatdırıblar. Müvafiq analizlər aparılır”,-Qamkrelidze deyib.

***

İranda yüksək vəzifəli məmur koronavirusa yoluxub. Həmin məmur Tehranın inzibati dairələrindən birinin rəhbəri Mürtəza Rəhmanzadədir. İran Dövlət Televiziyası bildirir ki, Tehranın 13-cü inzibati dairəsinin rəhbəri ötən gün fevralın 21-də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada aparılan test müsbət olub, yəni diaqnoz təsdiqlənib. Məmurun vəziyyəti barədə məlumat verilmir.

Xəbər verildiyi kimi İranda son bir neçə gündə koronavirusa azı 18 yoluxma halı təsdiqlənib, 4 nəfər ölüb. Virus ilk dəfə şiələrin müqəddəs Qum şəhərində qeydə alınıb, daha sonra Tehran, Babel, Arak və İsfahanda da yoluxma halları aşkarlanıb.

İranın plan-büdcə təşkilatının rəhbəri Məhəmməd Baker Nobahat bildirib ki, ölkənin Səhiyyə Nazirliyi ölümcül koronavirus epidemiyasının qarşısını almaq üçün bütün zəruri avadanlıqlarla və maliyyə vəsaiti ilə təmin olunub. "Plan-büdcə təşkilatı vətəndaşlarımızın həyatını qorumaq üçün istənilən məbləği ayırmağa hazırdır”,-o deyib.

İran Səhiyyə nazirliyinin infeksion xəstəliklərlə mübarizə Departamentinin rəhbəri Mino Mohrez isə bəyan edib ki, COVİD-19 virusu ölkənin bütün iri şəhərlərini bürüyə bilər. Onun sözlərinə görə, insanların yoluxmanın əsas ocağı olan Qum şəhəri ilə Tehran və digər şəhərlər arasında fəal hərəkətini, gediş-gəlişini nəzərə alaraq virusun artıq əksər iri şəhərlərdə yayıldığını demək olar. Mino Mohrez deyib ki, onlar artıq yoluxma mənbəyini müəyyən edə biliblər. Bunlar Qum şəhərindəki tikintilərdən birində işlərən çinli fəhlələr olublar və onlar bir neçə gün əvvəl ölkələrinə qayıdıblar.

Bu arada Britaniya Kolumbiyasında da koronavirusa üçüncü yoluxma halı qeydə alınıb, sonuncu yoluxma halı İrandan təzə qayıtmış 30 yaşlı qadında aşkarlanıb. O, Vankuverin şərq hissəsindəki "Fraser Health” xəstəxanasına yerləşdirilib, həmin qadınla yaxın təmasda olanlar, habelə onunla eyni reysdə uçanlar virusa görə yoxlanılır.

Koronavirusun İranda sürətlə yayılmaqda olduğu bir vaxtda Küveyt bu ölkəyə bütün aviareysləri dayandırıb. Küveytin mülki aviasiya idarəsindən bildiriblər ki, son iki həftədə İrandan olanların hamısı karantinə yerləşdiriləcək. Bundan əvvəl İraq İranla sərhəd qapılarını bağlamışdı. İrana qonşu ölkələrdən Türkiyə də gediş-gəlişi məhdudlaşdırıb.

Azərbaycandan isə hər gün minlərlə adam ucuz ərzaq, məişət əşyaları, həkim xidməti və müqəddəs şəhərlərə ziyarət məqsədi ilə İrana axışmaqdadır. Azərbaycanın müvafiq strukturları sərhəddə nəzarəti gücləndirib və insanlarda hərarəti yoxlayan avadanlıqlar qoyub. Lakin problem bundan ibarətdir ki, koronavirusun inkubasiya dövrü 14 günə qədər çəkir, yəni yoluxanlarda bu müddət ərzində heç bir simptom qeydə alınmaya bilər. Nəticədə sərhəd-gömrük postlarında hərarətin yoxlanılması virusa qarşı effektli tədbir deyil.

Xəbər lenti