Xəzər Xəbər

“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır

Gündəm | 10:44 • 20 Fevral 2020
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq və abadlıq işləri sürətlə davam etdirilir.


AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana əsasən, abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda müxtəlif naxış formalarını özündə əks etdirən 120 mindən çox gül və bəzək kolunun əkilməsinə başlanılıb. Həmçinin Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənir, rəngarəng güllər və dekorativ kollar əkilir. Bununla yanaşı, anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişi rahat təmin etmək məqsədilə minlərlə soydaşımızın ziyarət yerinə çevrilən parkın ətrafında da abadlıq işləri görülür.


Xatırladaq ki, Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan "Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Bu faciədən 28 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

Xəbər lenti