Xəzər Xəbər

“Könüllülər Yurdu - Azərbaycan” layihəsi başa çatıb

Cəmiyyət | 12:42 • 25 Yanvar 2020
“Könüllülər Yurdu - Azərbaycan” layihəsi başa çatıb

Yanvarın 25-də Bakı Konqres Mərkəzində "Könüllülər Yurdu – Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.


Əvvəlcə "ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova layihə haqqında məlumat verib. O bildirib ki, layihə 15 şəhər və rayon olmaqla ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib. Təşkilatın sədri "Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədinin region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaq olduğunu diqqətə çatdırıb.


Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin tapşırığına əsasən könüllülük hərəkatının genişlənməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, məhz bu siyasətin tərkib hissəsi olaraq 2020-ci ilin respublikamızda "Könüllülər ili” elan olunduğunu söyləyiblər. Həmçinin ASAN könüllüləri tərəfindən müxtəlif sahələrdə, o cümlədən vətənpərvərliyin təbliği istiqamətində gerçəkləşdirilən layihələrin əhəmiyyətindən bəhs olunub. Çıxış edənlər bu tədbirin "Könüllülər ili” çərçivəsində keçirilən ilk rəsmi tədbir olduğunu qeyd ediblər.


Sonra layihənin regionlarda təşkilində fəal iştirak edən şəxslər mükafatlandırılıb. (AZƏRTAC)

Xəbər lenti