Xəzər Xəbər

Çinin Xubey vilayətində fövqəladə hazırlıq vəziyyəti elan olunub

Dünya | 09:30 • 24 Yanvar 2020
Çinin Xubey vilayətində fövqəladə hazırlıq vəziyyəti elan olunub

Çində koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayının və bu səbəbdən ölənlərin sayının çoxalması ilə əlaqədar Xubey vilayətində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.


Xezerxeber.az xəbər verir ki, bu barədə vilayət hökumətinin məlumatında deyilir.


Son məlumata əsasən, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronovirusun yeni növünə yoluxanların sayı 853-ə, bu virus səbəbindən ölənlərin sayı isə 26-ya çatıb. Ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb.


Xubey vilayətinin inzibati mərkəzi olan Uxan (11 milyon əhalisi var) ilə yanaşı, vilayətin Xuanqan, Icou, Cician və Çiencian şəhərlərində ictimai nəqliyyat xidmətləri dayandırılıb, sakinlərdən ciddi səbəb olmasa şəhərlərini tərk etməmək xahiş olunub. Bəzi xarici aviaşirkətlər, o cümlədən "Türk Hava Yolları” Uxan şəhərinə uçuşları dayandırıb.


Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur və ABŞ-da, ümumilikdə 11 nəfərin virusa yoluxma halları təsdiqlənib.


Qeyd edək ki, koronoviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Xəbər lenti