Xəzər Xəbər

Qanlı Yanvar hadisələri zamanı Lənkərandan 11 nəfər şəhid olub

Region | 12:46 • 20 Yanvar 2020
Qanlı Yanvar hadisələri zamanı Lənkərandan 11 nəfər şəhid olub

20 Yanvar faciəsinin 30-cu ildönümü Lənkəranda da dərin hüznlə qeyd olunub. Səhər saatlarından başlayaraq minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək, 20 Yanvar qurbanlarının xatirəsini yad ediblər.


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, ictimai birliklərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.


Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.


T.Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.


Sonra mərasim iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin rəssamlıq kursunun, Uşaq Rəssamlıq Məktəbinin və Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.


Tədbir iştirakçıları, həmçinin Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Ağaddin Babayevin "Ağlama, qərənfil, ağlama" anım-tamaşasına baxıblar.


Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, küçələrdə nəqliyyatın hərəkəti dayanıb.


Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5-i Bakıda, 6-sı Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstələri tərəfindən öldürülüb.


Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm abidə kompleksi ucaldılıb, şəhərin küçələrinə onların adları verilib. (AZƏRTAC)

Xəbər lenti