Xəzər Xəbər

Karles Puçdemon Belçika hakimiyyətinə təslim olub

Dünya | 15:53 • 18 Oktyabr 2019
Karles Puçdemon Belçika hakimiyyətinə təslim olub

Kataloniya Jeneralitetinin sabiq sədri Karles Puçdemon İspaniya Ali məhkəməsinin həbsinə üçüncü beynəlxalq order verməsindən sonra könüllü olaraq Brüsseldəki prokurorluq ofisinə gəlib.


AZƏRTAC Catalan News informasiya agentliyinə istinadla xəbər verir ki, Karles Puçdemon vəkillərin müşayiəti ilə aparıldığı məhkəməyə Avropa Parlamentinin deputatı kimi immunitetə sahib olmasını xatırladıb.


Belçika məhkəməsi İspaniyaya ekstradisiya olunması barədə qərar çıxana qədər Puçdemonu həbs etməyəcək. Həmçinin ona məhkəmənin icazəsi ilə Belçikanı tərk etmək hüququ da verilib.


Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum baş tutub. Oktyabrın 21-də konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsi işə salınaraq, Karles Puçdemon və muxtariyyətin hökumət üzvləri vəzifədən kənarlaşdırıb. Bundan sonra Kataloniyanın liderlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, parlamentin sabiq üzvlərinə və separatçı ictimai təşkilatların başçılarına qarşı qiyamın təşkili, həmçinin dövlət vəsaitinin israf edilməsi ittihamı üzrə cinayət işləri açılıb,


Bir neçə gün əvvəl İspaniya Ali məhkəməsi müstəqillik barədə referendumun təşkilində və müstəqilliyin elan olunmasında iştirak edən 12 siyasətçi barəsində hökm çıxarıb. Qiyamda günahkar bilinən doqquz nəfərə 9 ildən 13 ilədək həbs cəzası verilib, üç nəfər isə itaətsizliyə görə cərimələnib.

Xəbər lenti