Xəzər Xəbər

Nazarbayevə verilən qızıl-briliyantlı ordeni hazırlayan həmyerlimiz ''Xəzər Xəbər''ə danışdı - VİDEO

Veb TV | 20:46 • 16 Oktyabr 2019
Nazarbayevə verilən qızıl-briliyantlı ordeni hazırlayan həmyerlimiz

Ötən gün Qazaxıstan Respublikasının birinci Prezidentinə təqdim olunan "Türk dünyasının Ali Ordeni"ni Azərbaycanlı tanınmış dizayner hazırlayıb.

Prezident İlham Əliyev tərəfindən Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim olunan "Türk dünyasının Ali Ordeni"ni dizayner Adəm Yunisov ərsəyə gətirib.

Hazırda Türkiyədə yaşayan Adəm Yunisov ''Xəzər Xəbər''ə müsahibəsində bildirib ki,''Türk Dünyası Ali ordeni" 8 qat qızıl və brilyantlardan tərtib olunub. Bütünlükdə ağ və sarı qızıldan ibarət olan ordenin hazırlanmasında 6 ədəd 0.1 karat və 18 ədəd 0.015 karat olmaqla, cəmi 24 ədəd brilyantdan istifadə edilib. İri brilyant qaşlar ətrafında yerləşdirilən 18 ədəd kiçik brilyant qaş, türk dünyasının ətrafa saçdığı şəfəqlər kimi təsvir edilib.

Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ətrafında böyük bir dairə şəklində birləşən, 6 türk dövlətini təmsil edən 6 güşəli ulduz formasında dizayn edilib. Hər bir dövləti təmsil edən ulduzun üzərindəki brilyant qaş, həmin dövlətin zəngin mədəni keçmişini və parlaq gələcəyini əks etdirir. Orden bütünlükdə iç-içə keçən 8 qat qızıldan ibarətdir. Üzərindəki 4 ədəd qızıl hissələr və digər qızıl bağlar olmaqla, ümumilikdə 400 qram qızıldan istifadə olunub.

Ordenin mərkəzi hissəsində yerləşən 6 güşəli ulduz türk dünyasının gücünü təmsil edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ordenin mərkəzi hissəsində əks olunub və bütünlükdə əl işi mina ilə boyanıb. Qeyd edək ki,Adəm Yunisov bundan başqa Baku 2015 l Avropa Oyunları və Türkiyə Cumhuriyyətinin 100 illiyi loqosunu da hazırlamışdı.

 

Xəbər lenti