Xəzər Xəbər

Transformatora girən azyaşlının qolu amputasiya edildi VİDEO

Veb TV | 20:33 • 16 Oktyabr 2019
Transformatora girən azyaşlının qolu amputasiya edildi

Bir neçə gün əvvəl Bakıda ağır bir hadisə baş verib. İkinci sinif şagirdi transformator məntəqəsinə girib. Azyaşlıya elektrik cərəyanı ağır yanıq xəsarətləri yetirib. Artıq həmin azyaşlının bir qolu amputasiya edilib. Sabah isə sol ayağı da kəsilə bilər.

Bir neçə gün əvvəl transformatora girən ikinci sinif şagirdinin sağ qolu amputasiya edilib. Hazırda vəziyyəti ağır olan azyaşlının ayaqlarından biri də amputasiya edilə bilər.

Azyaşlının nənəsinin verdiyi məlumata görə, hadisə ötən həftə Babək prospektində, "Azərişığ"ın Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin transformator məntəqəsində olub. Azyaşlının nənəsi deyir ki, hadisə nəvəsi mağazaya gedən zaman baş verib. Onun iddiasına görə, həmin vaxt cərəyan yüklü transformatorun qapısı açıq olub.

Ağır vəziyyətdə olan Zəhra Əliyeva 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində olan Zəhra Əliyevanın vəziyyəti ağırdır.

"XəzərXəbər” hadisənin baş verdiyi ünvanda olub. Ancaq sözügedən transformator aidiyyatı qurum tərəfindən götürülüb, yeri isə torpaqlanıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hadisə ilə bağlı açıqlamasında bildirib ki, yeni inşa edilən bütün elektrik transformator məntəqələri standartlara uyğun olaraq bağlı vəziyyətdə olur və hər birinin qarşısında da xəbərdaredici lövhələr vurulur.. Bu məntəqənin də ətrafına hasar çəkilib, kənar şəxslərin girişinə tam bağlı olub. Sözügedən transformatorun yerindən götürülməsinə gəlincə isə, "Azərişığ"ın sözçüsü bu sualı cavabsız qoyub. Bununla belə Tanrıverdi Mustafayev bir daha azyaşlıların valideynlərinə diqqətli olmağı tövsiyyə edib.

Xəbər lenti