Xəzər Xəbər

Körpülər və dəmir yollarına çıxış məhdudlaşdırılmalıdır ÜST həyəcan təbili çalır

Hadisə | 14:04 • 15 Oktyabr 2019
Körpülər və dəmir yollarına çıxış məhdudlaşdırılmalıdır

Dünyada intiharların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər yaş qrupunda intihar müşahidə edilir:

"Dünyada intiharların yarıdan çoxu 45 yaşına qədər insanlar arasında müşahidə edilir. İntihar edən yeniyetmələrlərin 90 faizi aşağı və orta gəlirli ölkələrdəndir. 15-29 yaşlar arasında ölümlərin ikinci əsas səbəbi intihardır".

İntiharın hər iki cinsə təsiri barədə danışan H.Hermançi bildirib ki, yüksək gəlirli ölkələrdə kişilər qadınlardan üç dəfə daha çox intihar nəticəsində dünyasını dəyişir:

"Aşağı və orta gəlirli ölkələrdə intihar edən qadın kişi nisbəti bərabərə yaxındır. Psixi sağlamlıq problemləri yaşayanlar, xəstəlikdən əziyyət çəkənlər, spirtli içki və narkotikdən istifadə edənlər intihar üçün xüsusi risk faktorudur. Risk faktoruna, həmçinin münaqişə, fəlakət, zorakılıq, travma və ya sui-istifadə, itki və ya təcrid olunma hallarının təsirinə məruz qalan insanlar, qaçqınlar, miqrantlar, yerli xalqlar, cinsi azlıqlar, məhbuslar daxildir".

H.Hermançı bildirib ki, intihar etmək üçün insanlar daha çox pestisid və odlu silahdan istifadə edir: "İntiharların qarşısının alınması üçün körpülər və dəmir yollarına çıxış məhdudlaşdırılmalıdır. Mediada çalışan mütəxəssislərə intiharlarla bağlı xəbərlərin daha məsuliyyətli şəkildə çatdırılması üçün təlim keçirilməlidir. Problem həll etmə və çətinliklərin öhdəsindən gəlmə bacarıqlarının inkişafı üçün məktəblərdə maarifləndirmə aparılmalıdır. İntihara erkən dioqnoz qoyulması üçün intihar davranışlarının qiymətləndirilməsi və idarə edilməsi mövzusunda tibb işçilərinə təlim keçirilməlidir". (trend)

Xəbər lenti

Çox oxunanlar