Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin fəaliyyəti monitorinq olunacaq

Cəmiyyət | 12:11 • 15 Oktyabr 2019
Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin fəaliyyəti monitorinq olunacaq

"2019-cu ildə beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi üçün dövlət tərəfindən imkan yaradılıb. 2013-cü ildə bu göstərici 24 faiz təşkil edirdi".


Bunu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarında işə cəlb edilən müəllimlər ibtidai siniflərdəki iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir: "Bu yaşda uşaqların fiziki, emosional, intellektual səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlənir. Məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, daha intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir. Məktəbəhazırlıq qruplarında tədris aparmaq üçün 1000 nəfərə yaxın ibtidai sinif müəllimi təlim kurslarına cəlb edilib. İlkin müşahidələr deməyə əsas verir ki, məktəbəhazırlıq təhsili alan uşaqlar gələcək sosial və akademik həyatlarında daha uğurlu olurlar".


R. Tağıyev bildirib ki, ötən dərs ilində Bakı şəhəri üzrə 264 məktəbdə 917 qrup üzrə 23 799 uşaq məktəbəhazırlıq qruplarını başa vurub və elektron sistem vasitəsilə avtomatik həmin məktəblərin I sinfinə qəbul edilib: "2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub. Qarşıdakı müddətdə ümumi təhsil məktəbində məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqini və müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etməyi əsas məqsəd kimi düşünürük".

Xəbər lenti