Xəzər Xəbər

Azərbaycanda 70-ə yaxın məktəbdə YENİLİK

Gündəm | 17:10 • 19 Sentyabr 2019
Azərbaycanda 70-ə yaxın
"Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb.

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi "Məktəblinin dostu” layihəsi üzrə hazırda 300 nəfər əməkdaş çalışır.

Bakı şəhərində "Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb.

Onlardan 58-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsi, 2 gimnaziya, 2 internat, 2 idman məktəbidir.

Eləcə də Sumqayıtda 4, Abşeronda 2 məktəbdə "Məktəblinin dostu” fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən "Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Bununla yanaşı, "Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

"Məktəblinin dostu” layihəsi çərçivəsində "Fövqəladə hallarda davranış qaydaları", "Gələcəyini qur: Məktəblərdə Karyeranın planlaşdırılması və İnkişafı", "Sosial şəbəkələrdən faydalı istifadə", "Məktəb, ailə, cəmiyyət arasında səmərəli əməkdaşlıq”, "Valideyndən öyrənək”, "Pirotexniki vasitələr və onların zərərləri”, "Özünümüdafiə və şəxsi təhlükəsizlik” kimi müxtəlif mövzularda təlimlər təşkil olunur.

Bundan başqa, istedadlı şagirdləri üzə çıxarmaq, şagirdlərin asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə bilik yarışları, intellektual oyunlar, viktorinalar, "Dəyirmi masa”lar, rəsm müsabiqələri, ekskursiyalar, "Açıq qapı” günləri, fotomüsabiqə və videomüsabiqələr keçirilir.

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə "Yay məktəbi" də təşkil edilir.

Layihənin əhatə etdiyi məktəblərin əhatə dairəsinin 150 məktəbə çatdırılması nəzərədə tutulur.

Xəbər lenti