Xəzər Xəbər

AQTA-dan vətəndaşlara müraciət: Qanun pozuntuları ilə rastlaşanlar...

Cəmiyyət | 10:48 • 27 İyun 2019
AQTA-dan vətəndaşlara müraciət:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay mövsümündə vətəndaşların kütləvi şəkildə turzim obyektlərinə üz tutmasını nəzərə alaraq, vətəndaşlardan xahiş edir ki, həmin ictimai-iaşə obyektlərində qanun pozuntuları ilə rastlaşanlar 1003 Çağrı Mərkəzinə zəng edib məlumat versinlər.

Agentlikdən verilən məlumata görə, qanunla müəyyən edilmiş hallarda və qaydada qida zəncirinin bütün mərhələlərində iştirak edən təsərrüfat subyektlərində dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək) AQTA-nın vəzifələrinə daxildir. Agentliyin müvafiq sahələrdə apardığı mövsümi xarakter daşıyan bəzi sahələr və məhsullara nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq mexanizmlər təsis edilib: "Agentlik dövlət nəzarəti və tənzimləmə tədbirləri çərçivəsində planlı və plandankənar yoxlamalar həyata keçirir, o cümlədən istehlak bazarından satınalmalar yolu ilə nümunələr götürülərək laboratoriyalara təqdim edilir. Eləcə də ölkəyə idxal olunan yeyinti məhsulları (dondurmalar da daxil olmaqla) risk əsaslı laboratoriyalarda ekspertizalara cəlb edilir və müayinə nəticələrinə əsasən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür”.

Agentlikdən əlavə edilib ki, bugünədək turizm obyektləri ilə bağlı plandankənar yoxlamanın keçirilməsi üçün əsas olan hər hansı bir şikayət xarakterli məlumat daxil olmayıb.

AQTA hazırda yay mövsümü ilə əlaqədar təsdiq olunmuş plana əsasən turizm obyektlərində nəzarət tədbirlərini davam etdirdiklərini də açıqlayıb (Trend).

Xəbər lenti