Xəzər Xəbər

Asiya ölkəsi paytaxtını dəyişir

Dünya | 14:05 • 20 İyun 2019
Asiya ölkəsi paytaxtını dəyişir

İndoneziyanın milli inkişafın planlaşdırılması naziri Bambanq Broconeqoro paytaxtın dəyişdirilməsinin anonsunu verib. 2021-ci ildən Cakarta ölkənin əsas şəhəri olmayacaq.

Böyük ehtimalla paytaxt Kalimantan adasına köçürüləcək. Nazir Cakartanın tıxaclardan boğulduğunu bildirib. Buna görə də iki il sonra paytaxtın köçürülməsinə başlanacaq. 2024-cü ildə prosesin başa çatacağı gözlənilir.

İndoneziyanın mərkəzindəki adanın paytaxta çevrilməsi ucuz başa gəlməyəcək. Hökumət 32,5 milyard dollar xərcdən danışır. Halbuki əvvəlcə 22,6 milyad dollar olacağı deyilirdi.

Paytaxtın köçürülməsi ideyası ilk dəfə apreldə prezident Coko Vidodonun dilindən səslənmişdi. "Uber” və "Inrix”in də kömək etdiyi araşdırmaya görə, Cakarta sürücüləri hər ilin 22 gününü tıxacda keçirir. Hesabatda İndoneziya paytaxtının ən çox yüklənmiş meqapolislərin sırlamasında 12-ci yeri tutduğu bildirilir. Bundan sonra prezident köçürülmə prosesindən danışmışdı.

Cakartadan paytaxt statusunun alınması ilə bağlı ən güclü arqumentlərdən biri odur ki, şəhər batır. Okean suları bəzi kvartallara qədər gəlib. Elm adamları Cakartanın 2050-ci ilə qədər tam bata biləcəyini deyirlər. Bataqlıqda qurulmuş şəhərdən həm də 13 çay keçir. Şimal kvartallarında hər il suyun səviyyəsi 25 sm artır./Bizimyol.info

Xəbər lenti