Xəzər Xəbər

Lavrovdan Qarabağ AÇIQLAMASI: Ümid edirik ki, ermənilər...

Dünya | 16:40 • 16 Yanvar 2019
Lavrovdan Qarabağ AÇIQLAMASI:

"2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri çox pozitiv oldu”.

XəzərXəbər xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Moskva-baku” portalına açıqlamasında deyib.

Lavrov qeyd edib ki, Azərbaycanla münasibətlər haqqında "sıçrayış” terminindən istifadə etmək istəmir: "Çünki bizim münasibətlərimiz kifayət qədər möhkəmdir və inkişaf edir. Ötən il kifayət qədər yüksək səviyyəli görüşlər oldu, prezidentlər bir araya gəldi, mən həmkarım Elmar Məmmədyarovla həm Moskvada, həm Bakıda görüşdüm. Prezident Putin və Əliyevin birgə hamliyi altında Bakı Humanitar Forumu keçirildi. Hər şeyi sadalasam, kifayət qədər uzanar. Ona görə də mən ötən ili olduqca müsbət qimyətləndirirəm. Azərbaycanla Rusiya MDB strukturlarında, BMT-də, ATƏT-də, Avropa Şurasında birgə əməkdaşlıq edir. Yeri gəlmişkən deyim ki, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan haqqında kifayət qədər qərəzli addımlar atır, Azərbaycan nümayəndə heyətinin üzvlərinin hüquqlarını diskriminasiya etməyə çalışırlar”.

Lavrov Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən il atdığı addımlardan da danışıb.

"Ötən il Ermənistanda rəhbərlik dəyişdi, buna görə də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə həmsədrlərin işinə töhfəmiz tanışlıq görüşləri ilə kifayətləndi. Lakin bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin iştirakı ilə növbəti görüşlərə hazırlaşırlar. Ona görə düşünürəm ki, biz münaqişənin nizama salınmasına kömək edə biləcəyik. Əlbəttə, Bakı və İrəvanın niyyəti yaxşı olanda beynəlxalq ictimaiyyət, o cümlədən həmsədrlər dəstək verir. Bakının danışıqlara hazırlıq haqında bəyanatları müxtəlif dəstəyə layiqdir, ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcəklər”, - deyə o bildirib.

Rusiya XİN rəhbəri ötən il Azərbaycan, Rusiya və İran liderlərinin üçtərəfli sammitinin olmadığına da aydınlıq gətirib: "Hər il belə bir formatın toplanması ilə bağlı hansısa razılıq yoxdur, buna görə üç prezidentin görüşünün baş tutmadığını demək doğru olmaz. Növbəti sammiti Rusiya qəbul edəcək. Biz bu sammiti hazırlayırıq, sizi inandırıram ki, bu olacaq”.

S. Lavrov Rusiya-Türkiyə-Azərbaycan formatının yaradılması ilə bağlı suala cavabında bildirib ki, bu istiqamətdə danışıqlar praktik mərhələyə keçməyib.

Xəbər lenti