Xəzər Xəbər

Evlərin yaxınlığında donuz ferması açıldı - Sakinlər yaşamaqda çətinlik çəkirlər - VİDEO

Veb TV | 20:40 • 17 Dekabr 2018
Evlərin yaxınlığında donuz ferması açıldı -

10-dan çox yaşayış evinin 5 addımlığında donuz ferması açıb. Sakinlər əmələ gələn üfunətdən öz mənzillərində yaşamaqda çətinlik çəkirlər.

Paytaxtın Suraxanı rayonu "Hövsan südçülük sovxozu" ərazisində yaşayan bəzi sakinlər qonşuluqda Nizami Əlibəyovun, evinin həyətində donuz ferması açmasından şikayətçidirlər. Sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində donuz fermasından havaya qalxan üfunət birbaşa onların mənzillərinə daxil olur. Üstəlik, donuz fermasından sakinlərin evlərinə bit-birə də darışıb.

Sakinlər iddia edirlər ki, Nizami Əlibəyov xüsusilə də gecə saatlarında fermada saxladığı donuzları kəsən zaman heyvanların səsi ətrafa yayıldığından evlərində rahat istirahət edə bilmirlər. İddiaya görə, kəsilən donuz ətləri maşınlar vasitəsi ilə daşınaraq kafe və restoranlara paylanılır.

Sakinlər deyirlər ki, dəfələrlə həm Suraxanı rayon icra hakimiyyətinə, həm rayon Gigiyena və Epidemiologiya Mərkəzinə, sonda isə məhkəməyə müraciət ediblər. Müraciətlərin nəticəsi bu olub ki, həmin fermanın fəaliyyəti dayandırılmalıdır. Ancaq ferma hələ də fəaliyyət göstərir. Problemlə bağlı fermanın sahibi Nizami Əlibəyova yaxınlaşıb xidməti vəsiqəni təqdim etməklə mövqeyini öyrənməyə çalışsaq da, o, çəkiliş qrupuna müqavimət göstərdi və xidməti vəsiqəni alaraq qaytarmayacağı ilə hədələdi.

Əraziyə Suraxanı rayon polis idarəsinin əməkdaşları dəvət edildikdən sonra həmin şəxs vəsiqəni geri qaytarmaq məcburiyyətində qaldı. Onun fakta münasibəti isə çox aqressiv oldu.

Faktla bağlı Suraxanı rayon polis idarəsində araşdırma aparılır.

Xəbər lenti