Xəzər Xəbər

CNN Trampı məhkəməyə verdi Jurnalistin akkreditasiyası geri qaytarılmalıdır

Dünya | 13:02 • 14 Noyabr 2018
CNN Trampı məhkəməyə verdi

Ağ Ev jurnalisti mətbuat konfransının qaydalarını pozmaqda ittiham edir.

CNN telekanalı ABŞ prezidenti Donald Trampı və Ağ Evin bir neçə əməkdaşını məhkəməyə verib.

Şirkət Trampla mühahisə edən jurnalistin akkreditasiyasının geri qaytarılmasını tələb edib. Ağ Ev isə jurnalisti mətbuat konfransının qaydalarını pozmaqda ittiham edir.

İddianın Vaşinqton dairə məhkəməsinə verildiyi deyilir. İddiaçılar isə CNN telekanalı və müxbir Cim Akostadır. Ötən həftə Ağ Ev rəhbərliyi jurnalistin Trampla münaqişə yaratdığına görə akkreditasiyasını ləğv edib. Jurnalist həmin mətbuat konfransında prezidentinin tələbinə baxmayaraq mikrofonu verməyib.

Qalmaqalla yadda qalan mətbuat konfransı noyabrın 7-də Ağ Evdə keçirilib. Akosta Trampdan 2 suala cavab istəyib. Birincisi, miqrant karvanı haqda prezidentdən dəqiq məlumat almasına çalışıb. İkinci sual isə Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi haqda olub.

Bu zaman prezident ona mikrofonu verməyi və yerində oturmağı tələb edib. O isə bu tələbi yerinə yetirməyib və danışmağa davam edib.

Növbəti gün jurnalistin akkreditasiyasının ləğvi haqda göstəriş verilib.

Xatırladaq ki, Tramp dəfələrlə CNN-i yalan məlumat verdiyinə görə tənqid edib: "Onlar yaxşı çalışsaydılar, reytinqləri də yüksək olardı".

AzNews.az

Xəbər lenti