Xəzər Xəbər

Onların 14 yaşları olmasına baxmayaraq, birinci sinifdə oxuyurlar VİDEO

Veb TV | 20:58 • 22 Oktyabr 2018
Onların 14 yaşları olmasına baxmayaraq, birinci sinifdə oxuyurlar

İndi təqdim edəcəyimiz süjetin qəhrəmanları birinci sinif şagirdləridir. Halbuki onların 14 yaşları var. Üstəlik, onların səhhətlərində də heç bir problem yoxdur. Sadəcə bu yaşda birinci sinifdə oxumalarının müxtəlif səbəbləri var. Buna əslində valideyn laqeydliyi və məsuliyyətsizliyi də deyə bilərik.

Onların 14 yaşları olmasına baxmayaraq, birinci sinifdə oxuyurlar.

Söhbət Aişə Əhmədova və Abdurrəhman Həsənovdan gedir. Aişə Əhmədova paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi 280 nömrəli tam orta məktəbdə, Abdurrəhman Həsənov isə Nizami rayonu 242 nömrəli tam orta məktəbin 1-ci sinifində təhsil alır. Məktəbdə onlara ibtidai sinif müəllimələri fərdi qaydada dərs deyirlər.

Aişə Əhmədova deyir ki, ilk günlərdə dərslər ona çətin gəlsə də, artıq verilən tapşırıqları yerinə yetirə bilir.

Abdurrəhman Həsənovun da məktəbə gələndə ümumiyyətlə heç bir şeydən məlumatı olmayıb. 35 ildir ibtidai sinif müəlliməsi işləyən Şərqiyyə Dadaşova deyir ki, çalışdığı bu illər ərzində ilk dəfədir 14 yaşlı birinci sinif şagirdinə dərs deyir.

Hər iki şagirdin 14 yaşda birinci sinifə getməsinin özünəməxsus səbəbləri var. Aişə Əhmədovanın atası deyir ki, qızı 2004-cü ildə ev şəraitində dünyaya göz açdığı üçün ona ancaq məhkəmənin qərarı ilə doğum haqqında şəhadətnamə almaq mümkün olub.

Abdurrəhman Həsənovun valideynləri isə Gürcüstan vətəndaşı olduğundan Azərbaycan vətəndaşlığını yenicə alıb. Bundan sonra isə ona doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi verilib.

Ümumilikdə isə 2018-2019-cu tədris ili üçün 8 yaşdan yuxarı 108 nəfər I sinif üzrə fərdi təhsilə cəlb olunub. Onlardan 68 nəfəri 9, 24 nəfəri 10, 7 nəfəri 11, 4 nəfəri 12, 3 nəfəri isə 13 yaşında ilk dəfə məktəbə gedib. Əsasən ailə problemləri, xəstəliklər və digər üzrlü səbəblərdən həmin uşaqların I sinfə qəbulu gecikir. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar.

Xəbər lenti