Xəzər Xəbər

Dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir

Cəmiyyət | 16:50 • 26 Sentyabr 2018
Dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir

Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir. Mövsümü əhval dəyişkənliyi ilə daha çox mütəmadi olaraq stressə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar üzləşirlər.


Xezerxeber.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib.


Onun dediyinə görə, günəş şüalarının azalması orqanizmdə melatonin hormonunun artmasına səbəb olur və bunun nəticəsində əhvali-ruhiyyə aşağı düşür. Payız depressiyası daha çox qadınlarda müşahidə olunur.


Psixoloq depressiyaya qarşı mübarizə üsulları barədə deyib: "Payız aylarında hava şəraitindən asılı olmayaraq xoş əhvali-ruhiyyə yaradan rəngbərəng geyinməkdən imtina etməmək lazımdır. Meditasiyalara üstünlük vermək, yəni özünə müsbət enerji aşılamaq, daxilən hər şeyin sakit və rahat olduğunu özünə təlqin etmək vacibdir”.


Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə danışarkən deyib: "Payız depressiyasından əziyyət çəkənlərin çoxu qan azlığı problemi ilə qarşılaşır. Orqanik qan azlığı depressiyanın səbəblərindən biridir. Çünki əksər hallarda qan azlığı psixoemosional dəyişikliklər, özünəqapanma, halsızlıq, yuxuya daha çox meyilliliklə özünü göstərir”.


Onun dediyinə görə, depressiya zamanı qidalanmağa ciddi fikir verilmək lazımdır. Kalorili qidalar qəbul etmək, bol su içmək də əsas tövsiyələr sırasındadır.

Xəbər lenti