Xəzər Xəbər

Yankauskas: Azərbaycana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Gündəm | 12:17 • 25 Sentyabr 2018
Yankauskas: Azərbaycana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Bu, mənim Naxçıvana artıq üçüncü səfərimdir. Qədim diyarınız çox gözəldir. Xüsusən buradakı təmizlik və qonaqpərvərlik insanı özünə çəkir. Əvvəlki səfərlərimdə az da olsa, Naxçıvanı gəzmək imkanım olub və deyə bilərəm ki, bir litvalı kimi buradakı uca dağlar və mineral sular mənim üçün çox cazibədardır.


Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.


"Hesab edirəm ki, ölkənizə, o cümlədən Naxçıvan Muxtar Respublikasına gələn turistlərin sayını artırmaq üçün geniş imkanlarınız var. Ona görə də qarşıdakı dövrdə Azərbaycan Respublikasına, o cümlədən Naxçıvan Muxtar Respublikasına səyahət edən avropalı turistlərin sayını artırmaq üçün səylər göstərilməli, tur-agentlər bu istiqamətdə işləməli, bir-birimizi daha yaxından tanımalıyıq”, – deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri bildirib ki, sıx turizm əlaqələri hər iki tərəfi bir-birinə daha da yaxınlaşdıracaq.


Kestutis Yankauskas deyib: "Biz burada keçirdiyimiz görüşlərdən çox məmnun qaldıq. İstər təhsil ocaqlarında, istərsə də sahibkarlarla görüşlərdə insanların gördüyü işə yaradıcı münasibətin şahidi olduq. Keçirdiyimiz mətbuat konfransında maraqlı suallar verildi. Heydər Əliyev adına məktəbdə, Naxçıvan Dövlət və "Naxçıvan” universitetlərində təşkil edilən görüşlərdə şagird və tələbələrin fəallığının şahidi olduq. Bu, təkcə mənim üçün deyil, bütün avropalı səfirlər üçün çox xoşdur. Avropada təhsil almaq istəyən, Avropa İttifaqı dəstəkli təhsil və kiçik biznes layihələrinə maraq göstərən insanlarla tanış olmaq üçün Naxçıvanda keçirilən "Avropa günləri” həm burada yaşayan insanlar, həm də elə bizim üçün əla fürsət idi”.


Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Naxçıvanqalada təşkil olunmuş "Avropa şəhərciyi”nə minlərlə insanın maraq göstərməsi sevindirici haldır. "İnsanların yeni dostlar qazanması, digər mədəniyyətlərlə qiyabi də olsa tanışlığı baxımından burada keçirilən tədbir unudulmaz oldu. Həqiqətən, bu diyardan dərin təəssüratla ayrılırıq”, – deyə Kestutis Yankauskas qeyd edib.


Xatırladaq ki, sentyabrın 21-dən 23-dək Naxçıvan Muxtar Respublikasında "Avropa günləri” keçirilib.

Xəbər lenti