Xəzər Xəbər

Çernobıl qəzasının iştirakçıları ilə görüş keçirilib

Gündəm | 15:26 • 26 Aprel 2018
Çernobıl qəzasının iştirakçıları ilə görüş keçirilib

1986-cı ilin aprelində Cernobıl Atom Elektrik Stansiyasında baş verən qəza ən dəhşətli texnogen faciələrdən biri sayılır. Faciənin baş verməsindən 30 ildən artıq vaxt keçsə də, onun fəlakətli nəticələri unudulmur.


Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu münasibətlə rayonda tədbir keçirilib.


Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçının müavini Eldar Ağayev qeyd edib ki, qəza nəticəsində 7 min nəfər həyatını itirib, 25 min nəfərdən çox sakin güclü radiasiyaya məruz qalaraq ömürlük əlil olub. Həmin günlər o vaxtkı ittifaqın digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 min nəfər faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edib. Onların bir çoxu təhlükəli və ağır şəraitdə işlədiklərindən normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib.


Bildirilib ki, 1993-cü ilin axırlarında xalqımızın ümummilli lideri Heydər Əliyev Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladıqdan sonra onların keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanılıb, pensiya və müavinətləri artırılıb.


Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak edən 96 nəfərin 46-sı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən təqaüd, müavinət və müalicələrlə təmin olunurlar. Son iki il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 3 nəfər minik avtomobili ilə təmin olunub, 40 nəfər sanatoriyaya göndərilib. Bu il onlardan daha 20 nəfərinin istirahətə göndərilməsi nəzərdə tutulub.


Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim edilib.

Xəbər lenti