Xəzər Xəbər

Bu kadrlar Bakıda çəkildi: Azyaşlı avtobusda konduktorluq edir - VİDEO

Veb TV | 20:58 • 21 Noyabr 2017
Bu kadrlar Bakıda çəkildi:

Sərnişin avtobusunda azyaşlı uşaq konduktorluq edir. Bəlkə də buna məcbur edilir. Əməkdaşlarımız bununla bağlı kadrları metronun "28 may" stansiyası yaxınlığında çəkiblər. Bu vəziyyət azyaşlıların məcburi əməyə cəlb edilməsi məsələsini yenidən gündəmə gətirib. Bəs belə hallara yol verən şəxsləri hansı cəzalar gözləyir? Xəbərimizdən biləcəksiniz

Sərnişin avtobusunda azyaşlı uşaq konduktor kimi çalışır. O avtobusun gedəcəyi əraziləri deyərək sərnişinləri səsləyir.

Görüntülər metronun ''28 May'' stansiyası yaxınlığında çəkilib. Dayanacaqda dayanan 4 saylı marşurut avtobusunun arxa qapısında duran azyaşlı konduktorluq edir.

Bu görüntülər bir daha yetkinlik yaşına çatmayanların əməyindən məcburi istifadə hallarını aktuallaşdırıb. Biz də məsələni araşdırmaq üçün 4 saylı avtobusların son dayanacağına getdik. Sözügedən xəttin nəzarətçisi Elçin Qasımov iddia etdi ki, onların avtobuslarında azyaşlıların əməyindən heç vaxt istifadə olunmur.

Ailə, Qadın və Uşaq məsələləri üzrə dövlət komitəsinin informasiya və analtik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirdi ki, bu kimi hallar həm cinayət, həm də inzibati xətalar məcəllələrində öz əksini tapıb. Əgər uşağın məcburi əməyə cəlb edilməsi halı ilk dəfə baş verirsə və onun sağlamlığına təsir etmirsə, bu, inzibati xətalar məcəlləsi ilə tənzimlənir və belə şəxslər 100-300 manat məbləğində cərimələnir.

Cinayət Məcəlləsinə görə isə, bu hal ardıcıl baş verərsə və uşağın sağlamlığına zərər vuran hansısa bir amil varsa, belə hallara yol verən şəxslər 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilir.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin kadrlara baxış keçiriləcək və məsələ araşdırıldıqdan sonra lazımı tədbirlər görüləcək.


Xəbər lenti